Trampın gizli sponsoru deşifrə olundu

Trampın gizli sponsoru deşifrə olundu
  03 İyul 2018    Oxunub:2726
Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi üzrə işə baxan xüsusi prokuror Robert Müller Milli Silah Assosiasiyasının (MSA) vergi bəyannamələrinə giriş əldə edib.

AzVision.az bildirir ki, bu barədə "Hill" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına əsasən, MSA ABŞ prezidenti Donald Trampın seçkiqabağı kampaniyasına böyük məbləğdə maliyyə vəsaiti ötürən vasitəçi təşkilat hesab olunur.

Bildirilir ki, MSA 2016-cı il prezident seçkilərində Trampın təşviqat kampaniyasına dəstək qismində 30 milyon dollar xərcləyib. MSA-ya Rusiyadan pul daxil olub-olmadığı isə dəqiq məlum deyil.

Xatırladaq ki, Rusiyanın 2016-cı il ABŞ seçkilərinə mümkün müdaxiləsi və Trampın Moskva ilə əlaqələrinin araşdırılması və istintaqı ilə xüsusi prokuror Robert Müller, həmçinin ABŞ Konqressinin hər iki palatasının kəşfiyyat komitələri məşğul olur. Kreml və Ağ Evdə isə bu cür ittihamları dəfələrlə rədd edilib.



Qeyd edək ki, 1871-ci ildə yaradılan və 5 milyona yaxın üzvü olan Milli Silah Assossiasiyası (National Rifle Association) Amerikada ən güclü lobbi təşkilatı sayılır. Bu isə ABŞ-da silah istehsalçılarının ölkə siyasətinə çox güclü təsiri ilə əlaqədardır. Hətta ABŞ-ın sabiq prezidentləri arasında bu təşkilatın üzvləri də olub. Hazırda Assosiasiyanın rəhbərliyi əsasən Respublikaçılar partiyasının təmsilçilərindən ibarətdir.



Milli Silah Assosiasiyası öz fəaliyyətində Amerika Konstitusiyasına edilən 2-ci düzəlişə əsaslanır. Həmin düzəlişə görə, hər bir amerikalının silaha malik olmaq haqqı var və bu, mülki azadlıqlardan biri sayılır. ABŞ-da vətəndaşların silah alışına məhdudiyyət qoyulması ilə bağlı yeni qanunların qəbulunda indiyədək bir sıra çətinliklərin yaranmasının səbəbi də, Assosiasiyaya lobbiçilik edən konqresmenlərin hər dəfə bu cür qanunverici təşəbbüslərin qarşısını almasıdır.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: ABŞ   Rusiya   seçki  





Xəbər lenti