BMT TŞ Suriyaya görə təcili toplanır

BMT TŞ Suriyaya görə təcili toplanır
  04 İyul 2018    Oxunub:4227
İyulun 5-də Suriyanın cənubundakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək.

AzVision.az xəbər verir ki, bu barədə İsveçin BMT yanındakı daimi nümayəndəliyindən məlumat verilib.
Təhlükəsizlik Şurasının toplantısında Suriyanın cənubundakı humanitar durum və cavab tədbirləri müzakirə olunacaq. İsveç nümayəndələri həmin ərazilərdə vəziyyətin yaxşılaşmasına nail olunub-olunmamasını aydınlaşdırmağa çalışacaqlar.

Bildirilib ki, Suriyanın cənubunda gedən döyüşlər nəticəsində 270 min qaçqın intensiv atəş təhlükəsi altındadır.

Qeyd edək ki, Suriyada Əsəd hökumətin qüvvələri ölkənin cənub-qərbindəki əraziləri – İordaniya ilə sərhəddəki Colan yüksəklikləri ətrafındakı rayonları silahlı müxalifətdən və terrorçulardan geri almaq uğrunda irimiqyaslı hərbi əməliyyatlara başlayıb. Ciddi itkilər verən qarşı tərəfin rəsmi Dəməşqin şərtlərini qəbul etdiyinə dair məlumatlar yayılıb.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Suriya ordusunu ölkənin cənub hissəsində apardığı mübarizəni dayandırmağa çağırmışdı. Dəməşq həmin ərazilərdə mülki şəxslərin ölümü ilə bağlı iddiaları rədd edir. Suriya prezidenti Bəşər Əsəd isə bəyan edib ki, bütün ölkə ərazisi üzərində özünün leqitim hakimiyyətini bərpa edəcək və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyadan çıxmasına nail olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: BMT   Suriya   ABŞ  





Xəbər lenti