ABŞ-ın biznes nəhəngləri Trampa müharibə elan etdilər

ABŞ-ın biznes nəhəngləri Trampa müharibə elan etdilər
  04 İyul 2018    Oxunub:4194
ABŞ prezidenti Donald Trampın Amerikanı böyük həcmdəki mənfi ticarət balansından və faciəvi ticarət razılaşmalarından qorumaq üçün başlatdığı proteksionist ticarət siyasətinə qarşı daxili müxalifət daha da güclənir.
Vaşinqtonun ölkənin milli təhlükəsizliyini əsas gətirərək, bir sıra dövlətlər, o cümlədən Çin, Kanada, Meksika, Türkiyə, Hindistan və Avropa İttifaqı ölkələrindən idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməsi və həmin dövlətlərin əksəriyyətinin də cavab olaraq, artıq ABŞ-a anoloji ticarət məhdudiyyətləri qoyması Amerika şirkətlərinin narahatlığının etiraz aksiyasına çevrilməsinə səbəb olub

AzVision.az xarici mediaya istinadən xəbər verir ki, Trampın digər ölkələrə qarşı yüksək ticarət tarifləri tətbiq etməsindən zərər görən Amerika biznes dünyası Ağ Evin gömrük siyasətinə müharibə elan edib. 3 milyon üzvü ilə təkcə Amerikanın yox, bütün dünyanın ən böyük biznes qurumu olan ABŞ Ticarət Palatası Tramp əleyhinə “Tariflər səhv yoldur” adlı kampaniya başladıb. Şirkətin təşkil etdiyi aksiyalarda Ağ Evin gömrük siyasətinin zərərləri barədə ABŞ vətəndaşlarına məlumat verilir. Onlar həmçinin, amerikalıları Tramp tariflərinə qarşı Konqress üzvlərindən əllərindəki bütün vasitələrdən istifadəni tələb etməyə çağırıblar.

ABŞ Ticarət Palatasının rəsmi araşdırma əsasında hazırladığı hesabatda bildirilir ki, Trampın başlatdığı ticarət müharibələri nəticəsində Avropa İttifaqı, Çin, Kanada və Meksikaya ixrac edilən 75 milyard dollarlıq ABŞ məhsullarına əlavə vergi və gömrük rüsumları tətbiq olunacaq. Palatanın rəsmi saytında isə Amerika vətəndaşlarının Trampın ticarət siyasətinə etirazlarını bildirməsi və Konqressə müraciət etmələri üçün petisiya da hazırlayıblar.

Yarandığı gündən bəri əsasən Respublikaçılar partiyasını dəstəkləyən ABŞ Ticarət palatasının respublikaçı prezidentə qarşı bu cür “müharibə” elan etməsi ABŞ tarixində nadir hadisədir və Qərb mediasının manşetlərinə çıxarılıb.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu şirkətlərindən olan Harley-Davidson ötən həftə Trampın başlatdığı məntiqsiz ticarət müharibəsi üzündən istehsalının bir hissəsini ölkə xaricində həyata keçirəcəyini bəyan etmişdi. Tramp isə tvitterdə şirkətin bu qərarını sərt tənqid və hətta təhdid etmişdi. ABŞ biznes nəhənglərinin bu təzyiqi altında Trampın qərarından geri çəkilib-çəkilməyəcəyi isə bəlli deyil.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   ABŞTicarətPalatası  





Xəbər lenti