Türkiyədə seçkilərin yekun nəticələri açıqlandı

Türkiyədə seçkilərin yekun nəticələri açıqlandı
  04 İyul 2018    Oxunub:5062
İyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinin son nəticələri açıqlanıb.
Türkiyənin Ali Seçki Komissiyasının sədri Sədi Güvən bildirib ki, ölkə üzrə 13 vilayətdən səsvermə ilə bağlı şikayətlərə baxılıb.

Seçkinin yekun nəticəsinə əsasən, Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan 50 milyon 68 min 627 seçicidən 26 milyon 330 min 823 nəfərin (52,59%) səsini toplayıb.

Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Məhərrəm İncə 15 milyon 340 min 321 (30,64%), Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 4 milyon 205 min 974 (8,40%), İYİ Partiyanın namizədi Meral Akşener 3 milyon 649 min 30 (7,29%), Səadət Partiyasının namizədi Təməl Karamollaoğlu 443 min 704 (0,89%), Vətən Partiyasının namizədi Doğu Perinçek 98 min 955 səs (0,20%) yığıb.

Parlament seçkilərində isə hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə 295, Milliyətçi Hərəkat Partiyası (MHP) 49, HDP 67, CHP146, İYİ Partiya isə 43 yer qazanıb.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, iyulun 9-da prezident Rəcəb Tayyib Ərdoğan parlamentdə and içəcək və ona prezidentlik vəsiqəsi təqdim olunacaq. Sonra Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin ilk iclası keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edəcək. Həmçinin xarici ölkələrin və Türkiyə rəsmilərinin iştirakı ilə ziyafət olacaq.

AzVision.az


Teqlər: Türkiyə   Seçki  





Xəbər lenti