Avropa ölkələrinə gedən turistlər yoxlanılacaq

Avropa ölkələrinə gedən turistlər yoxlanılacaq
  05 İyul 2018    Oxunub:5312
Bu gün keçirdiyi plenar iclasda Avropa İttifaqı (Aİ) Parlamenti Avropa ölkələrinə vizasız səyahət hüququna malik olan 60 ölkədən gələn əcnəbilərə qarşı yoxlama əməliyyatlarının keçirilməsi barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, Avroparlamentarilərin 494-ü sənədin lehinə, 115-i isə əleyhinə səs verib. 30 nəfər bitərəf qalıb.

Söhbət qitəyə gələn bütün səyahətçilərin, hətta adi turistlərin belə Aİ Komisiyasının 2016-cı ildən hazırladığı Avropa Səyahət Məlumatı və İcazə Sistemi (ETIAS) adlandırılan mexanizm vasitəsilə yoxlamalardan keçməsindən gedir. Məqsəd Aİ üçün təhdid ola biləcək cinayətkarların, terrorçuların və digər insanların müəyyənləşdirilməsi, həmçinin üzv ölkələrin ərazisinə gələn əcnəbilərin nizamsız miqrasiyası, ictimai sağlamlıq və təhlükəsizlik baxımından problem yaradacaq insanlar olub-olmadığı, kimlikləri barədə məlumatların əldə edilməsidir.

Yeni qaydalara əsasən, Aİ-na vizasız səyahət edə bilən əcnəbilərin hamısı 2020-ci ildən etibarən səfər öncəsi internet üzərindən qeydiyyatdan keçəcəklər və bu zaman doğum tarixləri və cinsiyyətlərilə bağlı məlumatlardan əlavə, həbsdə, müharibə bölgələrində olub-olmadıqlarına dair sualların yer aldığı blankı da dolduracaqlar. Sistemdəki məlumatlar 3 il və ya səyahət sənədinin qüvvədə olduğu vaxtadək etibarlı olacaq. Sistemdə qeydiyyatdan keçmək məcburi olacaq və ödəniş qiyməti 7 avro təşkil edəcək. Yaşı 18-dən aşağı və 70-dən yuxarı olan səyahətçilər üçün isə ödəniş tələb olunmayacaq.

Yeni sistemlə bağlı AP-nin qəbul etdiyi qərar Aİ Şurası tərəfindən imzalandıqdan və qurumun rəsmi qəzetində dərc olunduqdan sonra ən geci 2021-ci ildə qüvvəyə minəcək.

AP-də təqdim olunan hesabatda 60-dan çox ölkədən 1,4 milyard insanın Şengen zonasına vizasız səyahət etmək imkanına malik olduğu və bu imtiyazla hazırda Aİ-na gələnlərin illik 30 milyon nəfər təşkil etdiyi bildirilib. 2020-ci ildən isə səyahətçilərin sayının illik 39 milyonu keçməsi gözlənilir.

Qeyd edək ki, bu cür mürəkəb yoxlanış sistemi ABŞ, Kanada və Avstraliyada da tətbiq olunur.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Avropaİttifaqı   Şengen   viza  





Xəbər lenti