ABŞ İranı hərbi hücumla hədələdi

ABŞ İranı hərbi hücumla hədələdi
  05 İyul 2018    Oxunub:4502
ABŞ hərbi donanması Fars körfəzi regionunda nəqliyyatın və ticarətin sərbəst keçidini təmin etməyə hazırdır.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri mərkəzi komandanlığının sözçüsü, donanma kapitanı Bill Urban deyib.
“ABŞ və onun müttəfiqləri regionda təhlükəsizlik və sabitliyi təmin və təşviq edirlər. Beynəlxalq hüququn bizə verdiyi imkana uyğun olaraq, birlikdə nəqliyyatın sərbəst keçidi və ticarətin azad axınını təmin etməyə hazırıq”, - deyə Urban vurğulayıb.

Qeyd edək ki, ABŞ administrasiyası sanksiyalarla əlaqədar olaraq, müttəfiq və digər ölkələrdən noyabrdan etibarən İrandan neft idxalını dayandırmalarını istəyir. İslam İnqilabı Keşikçiləri Korpusunun rəis müavini İsmayıl Kövsəri isə İran neftinin ixracına maneələr yaradılacağı təqdirdə neftin Hörmüz boğazı vasitəsi ilə dünya ölkələrinə çatdırılmasına imkan verməyəcəklərini bəyan edib. İran prezidenti Həsən Ruhani də oxşar bəyanatla çıxış edərək, ABŞ-ın öz müttəfiqlərinə təzyiq edərək Tehrandan xam neft almamağı tələb etməsi müqabilində regionda neft ixracına ciddi maneə və təhdidlər yarana biləcəyilə bağlı xəbərdarlıq edib.

Xatırladaq ki, Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Boğaz, həmçinin Körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   Hörmüz  





Xəbər lenti