Moskvada nə baş verir... qatil azərbaycanlıdırmı?- FOTO

Moskvada nə baş verir... qatil azərbaycanlıdırmı?- FOTO
  15 Oktyabr 2013    Oxunub:1315
Rusiya İstintaq İdarəsi məlumat yayıb ki, Şerbakovun qatili bir neçə saata yaxalanacaq və Orxan Zeynalov adlı azərbaycanlı ölkəsindədə axtarışdadı. Azərbaycan tərəfi bu məlumatı təkzib edir. Bu arada dazbaşlarda vəziyyətdən istifadə edib ayağa qalxıblar və azərbaycanlı iki qardaşı qətl etdikləri haqda sosial şəbəkələrdə məlumat yayıblar.
Azvison.az xəbər verir ki, Rusiya İstintaq İdarəsinin rəsmisi Vladimir Markin bildirib ki, Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirən Azərbaycan vətəndaşı bir neçə saata yaxalanacaq. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarına qatili yaxalamaq üçün bir neçə saat lazımdır.
“Hazırda bizə o, məlumdur ki, Orxan Zeynalov Azərbaycanda da qətl maddəsi üzrə axtarışdadır. Biryulevodakı “Pokrovka” tərəvəz bazasına gəldikdə isə ora iki gün ərzində tam bağlacaq və bütün mallar çıxarılacaq” - deyə Markov bildirib.
Markovun bu açıqlamasından belə anlaşılır ki, O.Zeynalovun Azərbaycana qaçdığı barədə irəli sürülən versiyalar Rusiya hüquq-mühafizə orqanları tərəfindən dolayısı ilə təkzib edilir. Görünür, onlar qatilin Rusiyanı tərk etmədiyinə əmindirlər.
Moskva meri Yuri Sobyanin bildirib ki, “Pokrovka” bazasının bağlanmasından sonra Moskvada ərzaq qıtlığı yaranacağı haqda şayiələr təxribatdır. Mer miqrantların sıx işlədiyi bütün bazarlarda və ticarət mərkəzlərində total yoxlamalar aparılacağını bildirib.
* * *
“Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov Azərbaycanda qətl ittihamı ilə axtarışda deyil”. Bu barədə Azərbaycan DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, bu gün bəzi Rusiya KİV-də Moskvanın Qərbi Biryulevo rayonunda törədilən qətldə Rusiya hüquq-mühafizə orqanları tərəfindən şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun adı hallanır və iddia olunur ki, bu şəxs guya Azərbaycanda da qətl hadisəsi törədib: “Əslində isə Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən belə bir şəxs axtarışa verilməyib və Orxan Zeynalovun Azərbaycanda məhkumluğu da olmayıb. Rusiya hüquq mühafizə orqanları onun barəsində Azərbaycanın Daxili İşlər Nazirliyinə bu günə qədər heç bir sorğu göndərməyib. Belə bir müraciət daxil olacağı təqdirdə, sözsüz ki, müvafiq qaydada həmin müraciətə baxılacaq”.
Qeyd edək ki, Y.Şerbakovun bazar günü qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub. Moskva sakini Yeqor Şerbakovun ölümündə Azərbaycan vətəndaşı Orxan Zeynalov şübhəli bilinir. Moskva hökumətinin bu gün keçirilən iclasında Moskva şəhər Baş Polis İdarəsinin rəisi Anatoli Yakunin bildirib ki, Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov Azərbaycanda qətl ittihamı ilə axtarışdadır.

* * *
“Dazbaşların” qisas olaraq iki azərbaycanlı qardaşı öldürdüyü haqda sosial şəbəkələrdə məlumat yayılıb
Moskvada 25 yaşlı Yeqor Şerbakovu bıçaqlayaraq öldürən və bu qətlə görə kütləvi iğtişaşların başlamasına səbəb olan qatil Azərbaycanda axtarılır.
Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moskva şəhəri üzrə DİN-in Baş İdarəsinin rəisi, general Aleksandr Yakunin bildirib. O deyib ki, qətli törətməkdə şübhəli bilinən azərbaycanlı öz vətənində adam öldürmə maddəsi ilə axtarışa verilib.
Xatırladaq ki, Moskvada, Qərbi Biryulevoda Yeqor Şerbakov adlı gəncin qətlində şübhəli bilinən şəxs əslən Azərbaycandan olan 1982-ci il təvəllüdlü Orxan Zahid oğlu Zeynalovdur. Bunu Rusiya DİN-in Moskva üzrə Baş İdarəsi bildirib.
Məlumatı ilk dəfə “Life News” saytı yaymışdı. Sayt Orxan Zeynalovun adını və keyfiyyətli çəkilmiş şəklini polisdən əvvəl yayıb.
Mənzilində bir otağı Orxan Zeynalova kirayəyə verən Aleksey Pronkin “Life News”-a deyib: “Biz videonu və internetdə fotonu görəndə zarafatla Orxandan soruşduq ki, bu, o deyil ki... O da bizimlə birlikdə güldü və öz otağına keçdi. O, otaqda xeyli qaldı. Sonra otaqdan çıxdı və dedi ki, bir-iki günlüyə mal dalınca gedir”.
A.Pronkin deyib ki, Orxan gedəndən sonra onlar daha keyfiyyətli videonu görüblər və bu dəfə Orxanı tanıyıblar.
Aleksey Pronkinin dostu olan Rüstəm Məmmədov deyib ki, o hərdən Orxanla birlikdə araq içirmiş. Onun fikrincə, Orxan içkili olanda özünü adekvat aparmırdı, aqressiv olurdu. Rüstəm Məmmədovun fikrincə, Orxan içkili vəziyyətdə adam öldürə bilərdi. Rüstəm Məmmədov onu da deyib ki, Orxan Moskvaya 10 il olar gəlib.
Polisdəki mənbələr isə bildiriblər ki, Orxan Zeynalov Moskavaya bir neçə il qabaq gəlib. O, bir neçə tərəvəz dükanı olan öz əmisinin (və ya dayısının-red.) yanında işləyirmiş. Orxan Zeynalov tərəvəzləri daşımaqla məşğul imiş.
İstintaq materiallarına görə, oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda 25 yaşlı Yeqor Sherbakov sevdiyi qızla evə qayıdırmış. Onda bir xarici əvvəlcə qıza sataşıb. Yeqor qızı müdafiə edəndə isə ona bir neçə bıçaq zərbəsi endirilib. Sherbakov təcili yardım gələnə kimi keçinib.
Şerbakovun qətli və bu hadisəyə görə başlayan iğtişaşlar Moskva polisinin iki yüksək vəzifəli şəxsinin də poqonlarını “yeyib”. Xəbərlərə görə, A.Yakuninin əmri ilə işdə yol verdikləri səhlənkarlıqlara görə Qərbi Biryulevo rayonu polis rəisi, habelə Moskvanın Cənub inzibati dairəsi üzrə Daxili İşlər İdarəsinin rəisi, general-mayor Aleksandr Podolnıy işdən azad olunublar.
Bu arada sosial şəbəkələrdə yayıaln məlumatlara görə, millətçilərin “Pokrovka” topdansatış meyvə-tərəvəz bazasına hücumu zamanı iki azərbaycanlı öldürülüb. Onların qardaş olduqları bildirilir, lakin bu barədə rəsmi mənbələrdə və KİV-lərdə xəbər yoxdur.
Habelə sosial şəbəkələrdə yayılan məlumatlara görə, Şerbakovu öldürən azərbaycanlı əslən Şəmkir rayonundandır. Həmin xəbərlərdə iddia olunur ki, o, artıq Azərbaycana qaçıb. Bloggerlər bunu istisna etmir: "Çünki Zeynalovun indiki situasiyada Rusiyada qalması hətta nəzəri cəhətdən də az inandırıcıdır".

Qalereya




Teqlər:  





Xəbər lenti