Ermənistanda etirazçılar kilsəyə basqın etdilər

  06 İyul 2018    Oxunub : 3063
Ermənistanda etirazçılar kilsəyə basqın etdilər
Bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun həmin kilsədəki dəftərxanasına basqın ediblər.
AzVision.az bildirir ki, bu barədə Eçmiədzin kilsəsinin mətbuat katibi Vaqram Məlikyan “Facebook” səhifəsində məlumat yayıb.

Onun dediyinə görə, kilsəyə basqın edən nümayişçilər ultimatum xarakterli tələblər irəli sürür, ibadət məkanına yaraşmayan təhqiredici və təxribatçı hərəkətlər edirlər. Məlikyan bildirib ki, etirazçılar keşişlərin bu cür qəbuledilməz davranışları dayandırmaq çağırışlarına qulaq asmırlar.

II Qareginin istefasını tələb edən etirazçı qrupun lideri Karen Petrosyan isə deyib ki, kilsə işçiləri onlara hücum ediblər. Aksiya iştirakçıları katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan ediblər.

Xatırladaq ki, erməni apostol kilsəsinin bir sıra keşişlərinni təşəbbüsilə başlayan “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydır ki, Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin istefasını və xalqın qarşısına çıxıb indiyədək törətdiyi əməllərə görə cavab verməsini tələb edirlər. Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan edirlər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib.

Qeyd edək ki, Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən bütün ermənilərin katolikosu II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ermənistan   Eçmiədzin   kilsə   aksiya