Paşinyan ona inananları məyus etdi

Paşinyan ona inananları məyus etdi
  06 İyul 2018    Oxunub:3513
Ermənistanda Amulsar dağ-mədənin fəaliyyətilə bağlı 2 həftədir davam edən etirazlara çözüm tapmaq üçün baş nazir Nikol Paşinyan “Lidian Ermənistan” şirkətinin nümayəndələri və mədənin istismarının dayandırılmasını tələb edən etirazçılarla görüşüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, müzakirələrin gedişində Amulsar mədənində ekspertiza aparılması barədə razılıq əldə olunmayıb. Nəticədə uzun söhbətlərdən bezən Paşinyan tələsdiyini bəhanə gətirərək artıq danışıqlarda iştirak edə bilməyəcəyini deyib. Amma qarşı tərəfdə qıcıq oyatmamaq üçün məsələ ilə bağlı nazirlər kabinetinin məşğul olacağına söz verib.

Lakin Paşinyan görüşü tərk edəndən sonra məyus olan mitinqçilər güzəştə getməyəcəklərini və mübarizəni sonadək davam etdirəcəklərini bəyan ediblər.



Qeyd edək ki, Ermənistandakı ekoloji təşkilatlar xəbərdarlıq edib ki, Amulsar dağ mədəninin istismarı ciddi və qarşısıalınmaz ekoloji fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən də Cermuk şəhəri və ona yaxın kəndlərin sakinləri artıq 14 gündür ki, aksiya keçirərək şəhərdən 13 kilmetr aralıda yerləşən Amulsar dağ-mədəninə gedən bütün yolları bağlayıblar və onun fəaliyyətinin dayandırılmasını və nazirlər kabinetindən Ermənistanın iqtisadi siyasətinə yenidən baxmağı tələb edirlər. Etirazçılar bəyan edirlər ki, "məxməri inqilab"da Paşinyanla “çiyin-çiyinə savaşıblar” və indi də Paşinyan onların problemini həll etməlidir.

Onların fikrincə bu, təkcə iqtisadi yox, həm də etimad məsələsidir. Mitinqçilər hesab edir ki, əgər Paşinyan Amulsar dağ-mədənini bağlamasa və məsələ ilə bağlı təcili tədbirlər görməsə, aprel inqilabının ideallarını zədələmiş, onu vəzifəyə gətirən əhalinin isə etimadını birdəfəlik itirmiş olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   aksiya   Amulsar  





Xəbər lenti