“Beşlik” ölkələrinin ilk sammitində razılıq əldə olundu

“Beşlik” ölkələrinin ilk sammitində razılıq əldə olundu
  06 İyul 2018    Oxunub:3519
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxmasından sonra razılaşmanın digər iştirakçıları – Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya xarici işlər nazirləri səviyyəsində keçirilən ilk sammitində tərəflər ABŞ-ın tətbiq edəcəyi yeni sanksiyalara rəğmən, Tehranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planının xilas edilməsi üçün danışıqları davam etdirmək və iqtisadi tədbirlər görmək barədə razılığa gəliblər.
İran xarici işlər naziri Cavad Zərifin də iştirak etdiyi “beşlik” ölkələrinin Vyana sammitində moderatorluq edən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini bildirib ki, qəbul edilən yekun bəyannamədə nüvə sazişinin hazırkı iştirakçıları ABŞ sanksiyaları qarşısında İranın ziyan görməyəcəyilə bağlı verdikləri öhdəliklərə, həmçinin nüvə sazişinin icrasına sadiq olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani Avropa ölkələrinin sadəcə ümumi sözlərlə vəd verdiyini və təqdim edilən zəmanət paketində nüvə sazişi üzrə əməkdaşlığın davam etdirilməsi üçün konkret yol xəritəsinin olmadığını bildirib. Ruhani vurğulayıb ki, əgər işlər bu şəkildə davam edərsə, Avropa İttifaqı ilə aparılan nüvə danışıqları yaxın zamanda dayandırılacaq və Tehran da nüvə razılaşmasından çıxacaq.

Sammitdən əvvəl Fransa xarici işlər naziri bəyan etmişdi ki, Avropa ölkələri çətin ki, noyabradək İranla olan nüvə sazişini xilas etmək üçün iqtisadi həll paketi hazırlasınlar. O həmçinin, Tehranı nüvə sazişindən çıxacaqlarilə bağlı təhdidlərinə son qoymağa çağırıb.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Avropa   ABŞ   nüvə   sanksiya  





Xəbər lenti