Əsəd İordaniya ilə sərhəddə suverenliyini bərpa etdi

Əsəd İordaniya ilə sərhəddə suverenliyini bərpa etdi
  06 İyul 2018    Oxunub:4290
Suriyanın cənub-qərbindəki Deraa və Kuneytra rayonlarında Bəşər Əsədin hökuməti qüvvələrinə müqavimət göstərən silahlı müxalifətlə Rusiya arasında keçirilən görüş nəticəsində həmin bölgədə atəşkəsə dair razılıq əldə olunub.
Anlaşmaya əsasən, müxalifətçilər silahlarını təslim etdikdən sonra ailələrini də götürüb Rusiyanın onlara verdiyi təhlükəsizlik zəmanəti ilə Suriyanın üsyançıların məskunlaşdığı şimal ərazilərinə gedirlər. Bununla da, Bəşər Əsəd hökumətinin Suriyanın İordaniya ilə əsas sərhəd-keçid məntəqəsi üzərində suverenliyi bərpa olunub. Artıq İordaniya ilə sərhəddə Suriya bayrağı qaldırılıb.

Qeyd edək ki, Deraa və Kuneytra Suriyada atəşkəsə qarant Astana üçlüyünün – Rusiya, Türkiyə və İranın 2017-ci ildə razılaşdırdıqları 4 təhlükəsizlik zonası tərkibinə daxil olan rayonlardır. Daha sonra isə Rusiya, ABŞ və İordaniya arasında Deraa və Kuneytra ilə bağlı xüsusi razılıq əldə olunmuşdu. Bunun nəticəsində ABŞ Suriyanın cənub-qərbindəki silahlı müxalifətə yardımı dayandırmışdı.

Qeyd edək ki, Suriyada Əsəd hökumətinin qüvvələri tərəfindən ölkənin cənub-qərbindəki ərazilərin – İordaniya ilə sərhəddəki Colan yüksəklikləri ətrafındakı rayonların silahlı müxalifətdən və terrorçulardan geri alınması uğrunda apardığı irimiqyaslı hərbi əməliyyatlar nəticəsində qarşı tərəf ciddi itkilər verib. Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, bütün ölkə ərazisi üzərində özünün leqitim hakimiyyətini bərpa edəcək və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyadan çıxmasına nail olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Rusiya   İordaniya   ABŞ  





Xəbər lenti