ABŞ və Şimali Koreya razılığa gəldi

ABŞ və Şimali Koreya razılığa gəldi
  07 İyul 2018    Oxunub:2918
Vaşinqton və Pxenyan Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinin gedişini yoxlamaq üçün işçi qruplar yaradacaqlar.
AzVision.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə razılıq ötən gün ABŞ dövlət katibi Mayk Pompeonun Şimali Koreyaya rəsmi səfərinin ikinci günündə əldə olunub.

Pompeo Pxenyandakı rəsmilərlə Şimali Koreyanın nüvə-raket proqramından imtinası məsələsini, həmçnin 1950-53-cü illərin Koreya müharibəsi zamanı həlak olan amerikalı hərbçilərin qalıqlarının vətənə geri qaytarılmasını müzakirə edib. Daha sonra Pompeo danışıqların aparıldığı məkanı müvəqqəti tərk edərək, görüşün gedişatı barədə məlumat vermək üçün ABŞ prezidenti Donald Trampa zəng vurub.

Qeyd edək ki, 12 iyunda Sinqapurdakı sammitdə Trampla Şimali Koreya lideri Kim çen In tərəfindən imzalanan birgə bəyannaməyə əsasən, Pxenyanın Koreya yarımadasının tam nüvəsizləşməsi məsələsinə sadiq olduğu müddətdə ABŞ da Şimali Koreyanın təhlükəsizliyinə zəmanət verməklə bağlı öhdəlik götürüb. Lakin həmin sənəddə Şimali Koreyanın nüvə silahından tam imtina etməsi və qitələrarası ballistik raketlərinin məhv edilməsilə bağlı ABŞ-ın tələblərinə və plan barədə bir cümlə belə qeyd edilməyib.

"Reuters" isə yazır ki, indi Pompeonun qarşısında qoyulan başlıca vəzifə Pxenyandan nüvə tərksilahına dair konkret planın işlənib hazırlanmasına və Vaşinqtona təqdim edilməsinə nail olmaqdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Şimali-Koreya  





Xəbər lenti