İtaliya ABŞ-ın "F-35"lərindən imtina etdi

İtaliya ABŞ-ın "F-35"lərindən imtina etdi
  07 İyul 2018    Oxunub:3134
İtaliya bundan sonra ABŞ-dan Lockheed Martin korporasiyasının istehsalı olan "F-35" qırıcı təyyarələrini almayacaq və bundan əvvəlki sifarişlərin həcmini azaldacaq.
AzVision.az xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Elizabetta Trenta bəyan edib.

“Biz daha "F-35" almayacağıq. Bu, bizə cərimələr bahasına gələ bilər. Amma indi sifarişlər üzrə hazırda qüvvədə olan müqavilələrlə nə edəcəyimiz barədə fikirləşirik”, – deyə Trenta La7 telekanalına müsahibəsində bildirib.

Trenta antisistem mövqeli “5 Ulduz” hərəkatının üzvüdür. Bu hərəkat İtaliya parlament seçkilərində qələbə qazanan və koalisiya hökumətinin formalaşmasında iştirak edən partiyadır. Bundan əvvəl “5 Ulduz” hərəkatı İtaliyanın ABŞ-dan 90 ədəd "F-35" qırıcı təyyarələri sifarişini dəfələrlə tənqid etmişdi. Onlara görə, müharibə şəraitində olmayan İtaliyada "F-35" üçün xərclənən 2,5 milyard avro pulu vətəndaşların rifahı və iqtisadiyyatın dirçəlişi üçün sərf etmək lazımdır.

Qeyd edək ki, ABŞ-la yanaşı, Avstraliya, Böyük Britaniya, Dnimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə də "F-35"lərin hazırlanması və istehsalı üzrə proqramda iştirak edirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İtaliya   ABŞ   F-35  





Xəbər lenti