Husilər Səudiyyə Ərəbistanını bombalayıb

Husilər Səudiyyə Ərəbistanını bombalayıb
  07 İyul 2018    Oxunub:4347
Yəməndə husilərin nəzarəti altında olan ərazilərdən Səudiyyə Ərəbistanın Cazan kəndinə raket zərbəsi endirilib.
AzVision.az bildirir ki, bu barədə Səudiyyənin “Əl-İhbariyyə” dövlət televiziyası məlumat verib.

Qeyd olunub ki, Yəməndəki husilərin atdığı ballistik raket Səudiyyənin müdafiə sistemləri vasitəsilə havada olarkən zərərsizləşdirilib. Yəməndə husilərə məxsus “Əl-Məsirə” telekanalı isə bəyan edib ki, Səudiyyənin başçılıq etdiyi ərəb ölkələri koalisiyasının qüvvələrinə və Yəmən hökumətinə aid bəzi hədəflərə raketlərlər zərbələr endirilib.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

14 iyundan başlayaraq, koalisiya qüvvələri Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün “Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayıb. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yəmən   Husi   Səudiyyə  





Xəbər lenti