İraqın ABŞ və İran tərəfindən idarəçiliyinə son qoyulur

İraqın ABŞ və İran tərəfindən idarəçiliyinə son qoyulur
  09 İyul 2018    Oxunub:1962
İraqda keçirilən 12 may parlament seçkilərinin qalibi, 54 mandat qazanan “Əs-Sayrun” şiə blokunun lideri Müqtəda əs-Sədr onlarla koalisiya hökuməti qurmaq istəyən siyasi qruplardan ABŞ və digər qonşu ölkələrlə apardıqları danışıqları dayandırmalarını tələb edib.
AzVision.az bildirir ki, bu barədə o, "Tvitter" hesabında bəyan edib.

“Bütün siyasi qruplar koalisiya hökuməti qurmaq və başqa məsələlər üzrə ABŞ və qonşu ölkələrlə danışıqları kəsməlidir. Çünki bunlar, başqalarının yox, biz iraqlıların daxili məsələsidir. Məzhəb, irq və fraksiyalarla şərtlənməyən, onların üstündə hökumət koalisiyasının qurulmasına hazıram”, – deyə əs-Sədr bildirib.

Bununla o, parlament seçkilərində mandat qazanan siyasi partiyalardan məzhəbçilik və fraksiyaçılığa söykənən koalisiya yaratmaq istəkləri və hazırlıqlarına son qoymalarını tələb edib.

Xatırladaq ki, əs-Sədr bundan əvvəlki açıqlamasında vurğulamışdı ki, İraqın nə şərq, nə qərb, nə şimal, nə də cənubdan – xaricdən idarə olunmasına icazə veriləcək. Həmçinin bildirmişdi ki, onun partiyasının sədrlik edəcəyi koalisiya hökumətilə bundan sonra ölkəni yalnız milliyyətçi iraqlılar idarə edəcək. Onun bu sözlərinin Tehrana mesaj olduğu ehtimal edilir. Şiələri təmsil etməsinə baxmayaraq, Müqtəda əs-Sədr İrana qarşı tənqidi və məsafəli mövqeyilə seçilir. Yayılan məlumatlara görə, Tehran əs-Sədrə təzyiqlər edərək, İrana yaxın şiə qrupları ilə koalisiya yaratmasını tələb edir.

Qeyd edək ki, 12 may parlament seçkilərində səslərin sayılmasında və səsvermə prosesində saxtakarlığa yol verildiyinə dair əhalinin iddiaları səbəbindən yaranan seçki böhranı İraqda yeni hökumətin qurulmasını gecikdirib. Baş nazir Heydər əl-İbadi bildirib ki, Konstitusiya Məhkəməsi seçki nəticələrini təsdiq etdiyi gündən etibarən yeni parlament və müvafiq olaraq hökumət qurulacaq. Hələlik isə seçki böhranı səbəbindən hazırkı hökumət işini davam etdirəcək.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: İraq   ABŞ   İran   seçkiböhranı  





Xəbər lenti