Ərdoğan and içdi – Türkiyə prezident üsul-idarəsinə keçdi

Ərdoğan and içdi – Türkiyə prezident üsul-idarəsinə keçdi
  09 İyul 2018    Oxunub:2825
Türkiyədə keçirilən 24 iyun prezident seçkilərində qalib gələn Rəcəb Tayyip Ərdoğan Türkiyə Böyük Millət Məclisində təşkil olunan mərasimdə and içərək vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın andiçmə mərasimində 22 ölkənin dövlət başçısı, 28 dövlətin isə baş naziri və parlament sədrləri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edib. Azərbaycandan tədbirə baş nazir Novruz Məmmədov qatılıb.

Parlamentdəki andiçmə mərasimdən sonra Ərdoğan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.

Sonra Beştəpədəki prezident iqamətgahında 5 min qonağın iştirakilə təmtəraqlı inaqurasiya mərasimi keçiriləcək.

Ərdoğanın andiçməsilə Türkiyə parlament idarəetmə üsulundan rəsmən prezident üsul-idarəsinə keçib. Rəcəb Tayyip Ərdoğan isə prezident idarəetməli Türkiyə Cümhuriyyətinin ilk prezidenti kimi tarixə düşüb.

Bundan əlavə Ərdoğan yeni hökumətin tərkibini açıqlayacaq. Ehtimal olunur ki, Nazirlər Kabinetinin yeni tərkibində sürpriz adlar ola bilər.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər:



Xəbər lenti