İspaniya hökuməti ilə Kataloniya arasında kritik görüş

İspaniya hökuməti ilə Kataloniya arasında kritik görüş
  09 İyul 2018    Oxunub:2722
Bu gün İspaniya baş naziri Pedro Sançes ilə Kataloniya rəhbəri Kim Torra arasında keçirilən görüşdə ikitərəfli münasibətlərə aid məsələlər üzrə birgə komissiyanın yaradılması barədə razılıq əldə olunub.
AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu, Torranın və Sançesin hakimiyyətə gəldiklərindən bəri ilk görüşüdür.

Madriddəki Monkloa Sarayında 3 saata yaxın davam edən görüşdən sonra Torra bildirib ki, birgə komissiyanın sədri İspaniya mərkəzi hökumətində təmsil olunan Kataloniya mənşəli dövlət idarəçiliyi naziri Meriçel Batet olacaq.

İspaniya baş nazirinə Kataloniya tarixindən bəhs edən iki ədəd kitab və yerli şərab bağışlayan Torra görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada danışıqların pozitiv və səmimi ortamda keçdiyini bildirib. Lakin buna rəğmən, bir sıra məsələlər, xüsusən də Kataloniyanın müstəqilliyinə dair Madridlə Barselona arasında ciddi ziddiyyətlərin olduğunu vurğulayıb və qeyd edib ki, Kataloniyanın öz müqəddəratını təyin etməsi məsələsindən vaz keçməyəcək.

“Biz heç nədən imtina etmirik. Öz müqəddəratını təyinetmə - katalon xalqının hüququdur və biz ondan imtina edə bilmərik. Kataloniyanın müstəqilliyinə nail olmaq üçün hansısa yoldan dönmürük. Razılıq əldə olunması üçün bütün imkanlardan istifadə etməliyik. Gələcəkdə aparacağımız danışıqların mərkəzində referendum dayanacaq”, – deyə Torra bildirib.

O, həmçinin qeyd edib ki, İspaniya baş nazirilə həbsdə olan Kataloniya məmurlarının azadlığa buraxılmasını da müzakirə edib və Pedro Sançesi növbəti görüşün keçirilməsi üçün Barselonaya dəvət edib.

Torranın fikrincə, Kataloniya probleminin həll edilməsinin yeganə yolu İspaniya hökuməti tərəfindən qanuni hesab ediləcək refrendumun keçirilməsi və onun nəticələrinin leqitimliyinin qəbul olunmasıdır. Lakin əvvəlki baş nazir Mariano Raxoydan fərqli olaraq, Kataloniya məsələsində daha yumşaq mövqe sərgiləyən Pedro Sançes də refrendum terminini yaxın buraxmır. O bildirib ki, 1978-ci il İspaniya konstitusiyasında öz müqəddəratını təyinetməyə icazə verilmir.

Qeyd edək ki, Kataloniyanın Karlos Puçdemonun başçılıq etdiyi əvvəlki hökuməti 2017-ci ilin 1 oktyabrında mərkəzi ispan hökumətinin icazəsi olmadan qanunsuz müstəqillik referendumu keçirib. Səsvermədə seçki hüququna malik katalonların 40 faizindən çoxu iştirak edib və onların 90 faizi Kataloniyanın müstəqilliyinin lehinə ssə verib. Referendumun nəticələri Madrid tərəfindən etibarsız sayılıb və Puçdemon ölkəni tərk edərək Belçikaya, sonra isə Almaniyaya qaçıb. Hazırda Almaniya baş prokurorluğu onun ekstradisiyası məsləsinə baxır.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: İspaniya   Kataloniya   referendum  





Xəbər lenti