Paşinyan: Sarkisyan həbs oluna bilər

Paşinyan: Sarkisyan həbs oluna bilər
  10 İyul 2018    Oxunub:3681
Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik xidmətinə səs-küylü cinayət və korrupsiya faktlarının aşkarlanmasına dair tapşırıq verməyib. Onun üçün başlıca məsələ qanunilikdir.
AzVision.az xəbər verir ki, bu barədə Paşinyan son zamanlar Ermənistanda ajiotaj doğuran silsilə istintaqlarla, xüsusən də sabiq prezident Serj Sarkisyanın qardaşının ailəsi və yaxın qohumları barədə açılan cinayət işləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

Sarkisyanın qardaşı Aleksandrın 2 dəfə həbs olunduğunu, lakin hər dəfə azadlığa buraxıldığını şərh edən Paşinyan qeyd edib: “Bunun özü etimad formalaşdırır. Əgər konkret sübutlar varsa, iş görülür. Əgər sübut yoxdursa, onda şəxsi azad buraxırlar. Son nəticədə həbs etmək bizim yekun məqsədimiz deyil. Və qoy, heç kəs düşünməsin ki, guya mən kiməsə zəng vurub, “bunu buraxın, onu isə həbs edin” deyirəm. Mənim üçün başlıca məqsəd 100 faiz qanunilikdir.”

Lakin aparılan istintaqların və cinayət işlərinin sabiq prezident Serj Sarkisyanın birbaşa özünə aid edilməsinə dair sualı cavablandıran Paşinyan Serjin həbsini istisna etməyib. “Əgər məsələ Serj Sarkisyanadək gedib çıxsa, onda bəli. Ermənistanda toxunulmaz şəxs yoxdur”, – deyə Paşinyan vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   korrupsiya   istintaq  





Xəbər lenti