Tramp Putindən İranın Suriyadan çıxmasını istəyəcək

Tramp Putindən İranın Suriyadan çıxmasını istəyəcək
  10 İyul 2018    Oxunub:1841
ABŞ prezidenti Donald Trampın Rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşünün əsas müzakirə mövzusu Suriya və Ukraynadakı vəziyyət olacaq.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində "Sky News Arabia" telekanalına verdiyi müsahibədə deyib. O, bildirib ki, ABŞ rusları, suriyalıları və iranlıları siyasi razılaşmalara riayət etməyə məcbur etmək üçün bütün tərəflərlə işləyir.

Onun sözlərinə görə, Suriya üzrə danışıqlar təcavüzə son qoyularaq milyonlarla qaçqının evlərinə qayıtmasına səbəb olmalı, ölkənin suriyalıların maraqlarına uyğun yeni konstitusiyasının hazırlanması və münaqişənin sülh yolu ilə həllinə gətirib çıxarmalıdır.

Pompeo onu da vurğulayıb ki, İran və ona bağlı hərbi qruplaşmalar Suriyanı tərk etməlidirlər, çünki onların Suriyada qalması üçün heç bir səbəb yoxdur.

ABŞ dövlət katibi Rusiyanın Suriyadakı təhlükəsizlik zonalarilə bağlı anlaşmaları pozduğunu da deyib. “Təhlükəszilik zonaları ilə bağlı sazişlər çərçivəsində Suriyanın cənubunda əməliyyatlar aparmayacağına dair Rusiya ilə razılaşmışdıq. Lakin onlar bu razılaşmanı tamamilə pozdular. Bu gün Suriyanın cənubunda baş verənlər – olduqca çətin vəziyyətdir.” – deyə Pompeo bildirib.

Qeyd edək ki, Trampla Putinin ilk təkbətək görüşü 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhran olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Suriya  





Xəbər lenti