Mağarada itkin düşən məktəblilər xilas edildi - VİDEO

  10 İyul 2018    Oxunub : 1675
Mağarada itkin düşən məktəblilər xilas edildi - VİDEO
Tailandın su basmış Kxao Luanq mağarasında 18 gün köməksiz vəziyyətdə qalan 12 məktəblinin hamısı və onların məşqçisi xilasedicilər tərəfindən xilas olunub.
AzVision.az xəbər verir ki, bu barədə “Spring News” telekanalı məlumat yayıb.

Son xilasetmə əməliyyatları nəticəsində çıxarılan zərərçəkənkəri helikopterlər vasitəsilə təcili xəstəxanalara aparıblar. 23 iyundan bəri qidasız və oksigensiz şəraitdə qalan 13 nəfərin səhhətinin pis olması və mümkün infeksiyalar səbəbindən hələ uzun müddət həkimlərin nəzarəti altında karantin vəziyyətində saxlanılacağı bildirilir.



Xatırladaq ki, iyunun 23-də Tailandda 11-16 yaşlı məktəblilərdən ibarət futbol komandası və onların 25 yaşlı məşqçisi itmişdi. Yalnız 10 gündən sonra onların Kxao Luanq mağarasında olduqları aşkarlanıb. Ehtimal edilir ki, uşaqlar məşqdən sonra komanda üzvlərindən birinin ad gününü qeyd etmək üçün mağaraya səyahətə yollanıblar. Lakin musson yağışları nəticəsində mağarada suyun səviyyəsi qalxıb və 7 km uzunluğundakı mağaranın girişinə geri aparan yolu su basıb. Yağışlar nəticəsində yaranan sel suyu isə getdikcə mağaranın içərisinə dolmağa başlayıb. Nəticədə uşaqlar və onların məşqçisi təcrid vəziyyətinə düşüblər. Uşaqlar suyun çata bilmədiyi hündür bir ərazidə sığınıblar.

Onları xilas etmək üçün Tailandın və dünyanın hər yerindən xilasedicilər və dalğıclar cəlb olunub. 3 mərhələdə aparılan xilasetmə əmliyyatları zamanı mağarada təcrid vəziyyətində qalan qrupa ərzaq və oksigen balonları çatdırılıb və hissə-hissə uşaqlar oradan çıxarılıb. Lakin olduqca çətin şəraitdə keçən əməliyyatlarda oksigen balonu aparan Saman Gunan adlı dalğıc mağaranın içində vəfat edib.

Qeyd edək ki, məşhur SpaceX və Tesla şirkətlərinin təsisçisi, amerikalı milyarder, ixtiraçı və mühəndis İlon Mask da Tailanda gedərək xilasetmə əməliyyatlarına kömək etməyə çalışıb. O, əməliyyatların videosunu çəkərək sosial şəbəkədə paylaşıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Tailand   mağara   xilasetmə   ABŞ