İsveçrə dünyanın ən innovativ ölkəsi seçilib

  10 İyul 2018    Oxunub : 1512
İsveçrə dünyanın ən innovativ ölkəsi seçilib
İsveçrə növbəti dəfə dünyanın ən innovativ ölkəsi adına layiq görülüb.
Dünya Əqli Mülkiyyət Təşkilatının açıqladığı beynəlxalq innovasiya indeksində İsveçrə 8-ci dəfə ilk yerdə qərarlaşıb. Ən innovativ ölkələr siyahısında sonrakı yerlərdə Niderland, İsveç, Böyük Britaniya və Sinqapur dayanır.

Ümumilikdə 80 indikator əsasında tərtib edilən indeksdə İsveçrə əsasən qeydiyyata alınan patentlər, əqli mülkiyyət, elmi tədqiqatlar və innovativ layihələrə yatırılan investisiyaların həcminə görə digər ölkələri qabaqlayıb. Yüksək və orta innovativ texnologiyalar əsasında istehsal üzrə İsveçrə ikinci yerdə qərarlaşıb.

Müasir texnologiyalardan ən geniş istifadə edən iki ölkə - ABŞ və Çin fərqli inkişafla diqqəti çəkib. ABŞ 4-cü yerdən 6-cı yerə düşdüyü halda, Çin mövqeyində 5 pillə irəliləyərək, 17-ci yerdə qərarlaşıb və ən innovativ 20 ölkələr sırasına daxil olub.

Dünyanın 126 ölkəsi üzrə tərtib olunan indeksdə innovativ yeniliklər ilə yanaşı, siyasət, təhsil, infrastruktur və biznes mühitində inkişaf da əsas faktorlar arasındadır. Eyni zamanda, yaşıl enerji və bu sahədə müasir enerji texnologiyalarının tətbiqi da siyahının tərtibatında xüsusi şəkildə nəzərə alınır.

AzVision.az

Teqlər: İsveçrə