Sarkisyanın qardaşı oğluna cinayət işi açıldı

Sarkisyanın qardaşı oğluna cinayət işi açıldı
  11 İyul 2018    Oxunub:2464
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı, biznesmen Aleksandrın oğlu Ayk Sarkisyana qarşı insan həyatına sui-qəsdə cəhd və qanunsuz silah və hərbi sursat əldə edilməsi və saxlanılması maddələri üzrə cinayət işi açılıb.
AzVision.az Ermənistan istintaq komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, polis məhkəməyə Ayk Sarkisyan barədə həbs-qətimkan tədbirinin seçilməsinə dair müraciət edib.

Cinayət işinin sənədlərinə əsasən, 2007-ci il aprelin 1-də polis bölməsinə İrəvan sakini David Simonyanın xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Həmin gün Artur Gevondyan polisə gələrək evinin yaxınlığında tapança tapdığını və təsadüfən dostu David Simonyana atəş açdığını bildirib. Hadisə ilə bağlı cinayət işi açılsa da, şikayət ərizəsinin olmaması və tərəflərin barışması səbəbindən məsələ tezliklə bağlanıb.

Lakin 2018-ci il 3 iyunda əvvəllər istintaqa məlum olmayan yeni təfərrüatlar ortaya çıxıb və nəticədə Ermənistanın baş prokuroru istintaqın bərpası barədə qərar qəbul edib.

Müəyyən olunub ki, David Simonyana Artur Gevondyan atəş açmayıb, bunu başqa şəxs edib və özü də bilərəkdən. Əldə edilmiş sübutlara əsasən, Ayk Sarkisyan insan həyatına məqsədyönlü şəkildə sui-qəsdə cəhd etməkdə ittiham olunur.

Qeyd edək ki, Aykın doğma qardaşı Narek Sarkisyan da axtarışa verilib. O, narkotik və silah saxlanılmasında, həmçinin qiymətli incəsənət nümunələrinin oğurlanmasında ittiham edilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   istintaq   cinayət  





Xəbər lenti