Nazirlərin görüşü öncəsi İrəvandan destruktiv bəyanat

Nazirlərin görüşü öncəsi İrəvandan destruktiv bəyanat
  11 İyul 2018    Oxunub:3236
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bugünkü görüşündən müsbət irəliləyişlər gözləmək üçün müvafiq şəraitin olması vacibdir.

AzVision.az bildirir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar iki xətt üzrə gedir. Birincisi, danışıqlar prosesinin inkişafını təmin etmək cəhdləridir. Lakin növbəti dəfə rəsmi İrəvanın ənənəvi destruktiv mövqeyindən çıxış edən Koçaryan bildirib ki, “hətta adi gözlə baxanlara da aydındır ki, indiki halda danışıqlar prosesində irəliləyiş gözləmək mümkün deyil.”

Ermənistan XİN rəsmisinə görə, nizamlanma üzrə aparılan danışıqlarda ikinci xətt isə, Qarabağda hərbi əməliyyatların bərpasına imkan verməməkdir. Bu mənada, Koçaryan yenə də Azərbaycanı mövcud razılaşmalara riayət etməməkdə günahlandırıb və bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də bu iki xəttin bir-birilə sıx bağlı olduğunu anlayırlar.

O, həmçinin qeyd edib ki, münaqişə tərəfləri arasında etimad atmosferinin yoxluğu hansısa irəliləyişə nail olunmasına imkan vermir. Bunun üçünsə yenə də münaqişənin əsl mahiyyətindən və substantiv danışıqlardan diqqəti yayındıraraq, ilk növbədə atəşkəs rejiminin qorumasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, bu gün Brüsseldə Minsk qrupunun həmsədrlərinin iştirakilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ münaqişəsini nizamlanması üzrə Bakı ilə İrəvan arasında nazirlər səviyyəsində aparılan ilk danışıqlar olacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ  





Xəbər lenti