Gülənin ekstradisiyası ilə bağlı danışıqlar başlayır

Gülənin ekstradisiyası ilə bağlı danışıqlar başlayır
  11 İyul 2018    Oxunub:4655
ABŞ Dövlət Departamenti, Ədliyyə və Daxili İşlər Nazirliklərinin nümayəndələrindən ibarət geniş nümayəndə heyəti 13 iyulda Ankaraya gələrək türkiyəli rəsmilərlə Fətullah Gülənin ekstradisiyasını və onun lideri olduğu FETÖ (Fətullahçı Teror Təşkilatı) terror təşkilatilə mübarizəni müzakirə edəcəklər.
AzVision.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi rəsmisinin yaydığı bəyanatda deyilir.

“ABŞ-la ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini texniki səviyyədə müntəzəm şəkildə müzakirə edirik. Bununla əlaqədar olaraq, 13 iyulda Ankarada ABŞ Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və xarici siyasət idarəsinin vəzifəli şəxsləri ilə hər iki ölkə FETÖ terror təşkilatilə mübarizəni, ilk növbədə isə Fətullah Gülənin təhvil verilməsini müzakirə edəcəklər. O cümlədən, “Halkbank”ın keçmiş baş direktor müavini Hakan Atillanın işi və Türkiyədə saxlanılan ABŞ vətəndaşlarının məsələsi də müzakirə olunacaq.” – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Fətullah Gülən 2016-ci il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhdin hazırlanmasında ittiham edilir. Hazırda o, ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Hakan Atilla isə ABŞ-ın sanksiyalarından yan keçmək üçün İrana köməkdə təqsirli bilinərək həbs edilib. Nyu-York məhkəməsi Atillaya 32 ay azadlıqdan məhrumetmə hökmü çıxarıb. Ankaraya görə, Atilla ilə bağlı məhkəmənin qərarı qanunsuzdur və saxta dəlillər üzərində qurulub.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   FETÖ  





Xəbər lenti