Macarıstan yenə Ukraynaya qarşı çıxdı

Macarıstan yenə Ukraynaya qarşı çıxdı
  12 İyul 2018    Oxunub:3033
Macarıstan hökuməti Ukraynanın NATO-ya inteqrasiya cəhdlərini yenə bloklayacaq, ölkənin bu məsələ ilə bağlı mövqeyi dəyişməyib.
AzVision.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyyartonun yaydığı bəyanatda deyilir.

Sənəd, hazırda Brüsseldə keçirilən NATO sammiti fonunda dərc olunaraq ictimaiyyətə açılqlanıb. Qeyd edilir ki, Ukrayna etnik azlıqların hüquqlarını pozmağa son qoymayınca və onların məhrum etdiyi əvvəlki hüquqlarını bərpa etməyənədək Budapeşt öz mövqeyini dəyişməyəcək.

Siyyartonun sözlərinə görə, Avropa və avroatlantik inteqrasiyaya cəhd edən dövlət milli azlıqlara qarşı ultra-millətçi əhvalın yayılmasına imkan verə bilməz.

“Macarıstan hökuməti, həmçinin Ukrayna ilə NATO arasında nazirlər səviyyəsində hansısa görüşün, yaxud sammitin keçirilməsinə razılıq verməyəcək və NATO ilə Ukraynanın ikitərəfli birgə bəyanatlarına veto qoyacaq”, – deyə Macarıstanın xarici işlər naziri xəbərdarlıq edib.

Xatırladaq ki, bu yaz Macarıstan üçüncü dəfə XİN rəhbərləri səviyyəsindəki Ukrayna-NATO komissiyasının iclasını blklamışdı. İyunda isə Siyyarto Kiyevdən Ukraynadakı macarları rahat buraxmağı və onların hüquqlarını pozmamağı tələb etmişdi.

Qeyd edək ki, ötən ilin sentyabrında Ukrayna prezidenti Pyotr Poroşenko “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiq edib. Sənədə əsasən, etnik azlıqların uşaqları orta və ali məktəblərdə yalnız Ukrayna dilində təhsil almalıdırlar. Bu şərt 2020-ci ilədək mərhələli şəkildə tam həyata keçiriləcək. Macarıstandan başqa, Rusiya, Polşa, Bolqarıstan, Yunanıstan və Rumıniya da bu qanun dəyişikliyini tənqid edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   Macarıstan   Ukrayna  





Xəbər lenti