Ya hamı, ya da heç kəs! – Tehrandan ultimatum

  13 İyul 2018    Oxunub : 665
Ya hamı, ya da heç kəs! – Tehrandan ultimatum
Əgər İran Fars körfəzindən neft ixrac edə bilməsə, onda Yaxın Şərqin digər dövlətləri də bunu edə bilməz.
AzVision.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətulla Əli Xameneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti deyib.

O, bildirib ki, bu məsələdə “ya hamı, ya da heç kəs” prinsipindən çıxış edəcəyini Tehran açıq şəkildə bəyan edib.

“Ən şəffaf, tam və çevik cavabı Avropaya son səfərində İran prezidenti cənab Ruhani verdi. Ruhaninin sözlərində İranın cavabı aydın şəkildə bildirildi - əgər biz Fars körfəzindən neft ixrac edə bilməyəcəyiksə, onda heç kim bunu edə bilməz. Ya hamı ixrac edəcək, ya da heç kəs”, – deyə Vilayəti vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın maliyyə naziri Stiven Mnuçin İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq edə biləcəklərini deyib. Vaşinqton açıq şəkildə bildirib ki, İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirməyi planlaşdırır. Bunun üçün hətta bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib. Təzyiqlər nəticəsində artıq Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: ABŞ   İran   neft   sanksiya   Farskörfəzi