Yunkerin sammitə sərxoş gəlməsi təkzib olundu

Yunkerin sammitə sərxoş gəlməsi təkzib olundu
  13 İyul 2018    Oxunub:4428
Avropa İttifaqı (Aİ) Komissiyasının rəhbəri Jan Klod Yunker NATO-nun ötən gün Brüsseldə keçirilən sammitində içkili olmayıb. Onda işialqiya tutması baş verib və bu səbəbdən tarazlığını itirib.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas məlumat verib.

O, internetdə yayılan videolarda Yunkerin NATO sammitində ayaq üstə dura bilməməsinin səbəbini içkili olmasilə yox, siyatik xəstəliyindən (Onurğanın bel nahiyyəsindəki sinir köklərinin sıxılması. Yuxarı və aşağı ətraflarda kəskin ağrı və zəifləmələrə səbəb olur. Nəticədə insan tarazlığını itirir və yeriməkdə əziyyət çəkir – red.) əziyyət çəkməsilə izah edib.

“O, dərmanlar qəbul edir və hazırda özünü yaxşı hiss edir. Artıq dünən o, NATO sammiti və digər tədbirlərlə əlaqədar tam proqramda işləyib, gələn həftəyə də onun sıx iş qrafiki var” – deyə Sxinas bildirib.

Qeyd edək ki, bir sıra xarici KİV-lər dünən NATO-nun sammitində iştirak edərkən Yunkerin sərxoş olduğuna dair xəbərlər yayıblar. Yayılan videokadrlarda onun ayaq üstə dayana bilmədiyi, pillələri enməsi və yeriməsi üçün digər dövlət başçılarının kömək etdiyi görünür. Lüksemburqun keçmiş baş naziri Yunker əvvəllər bir neçə dəfə içkili halda rəsmi görüşlərə qatıldığından, onun bu dəfə də sərxoş olduğu iddia edilib. Lakin aydın olub ki, NATO sammitindəki bu davranışının səbəbi 63 yaşlı siyasətçinin bel xəstəliyindən əziyyət məkməsidir.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   AvropaKomissiyası  





Xəbər lenti