Erməni məmurların fərari övladlarına qarşı araşdırma başladı

Erməni məmurların fərari övladlarına qarşı araşdırma başladı
  14 İyul 2018    Oxunub:2992
Ermənistanın Müdafiə Nazirliyi vəzifəli şəxslərin orduda xidmətdən azad olunan övladlarının işi üzrə araşdırmaya başlayıb.

AzVision.az bildirir ki, bu barədə müdafiə nazirinin məsləhətçisi Qeqam Arutyunyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əvvəllər hansı əsas və səbəblərlə orduda xidmətdən möhlət verilməsi, hərbi xidmətin təxirə salınması, yaxud uzaqlaşdırılmalar araşdırılacaq. Və bu zaman hərbi xidməti təxirə salınanların vəzifəli şəxslərin oğulları olub-olmaması heç bir fərq etməyəcək və onlar da araşdırmaya daxil ediləcək.

Arutyunyan bildirib ki, bu yayın başlanğıcında elan edilən hərbi çağırışdan bəri nazirliyə 80 ərizə daxil olub və onların 70-də vətəndaşların səhhətlərindəki problemlərə görə orduda xidmət edə bilməyəcəkləri deyilir.

Bununla belə, Arutyunyan nazirlik tərəfindən başladılan irimiqyaslı ciddi araşdırmaların hansı nəticələrə gətirib çıxaracağı barədə danışmağa çətinlik çəkib.

Qeyd edək ki, Ermənistanda sadə vətəndaşlar ölkənin vəzifəli şəxslərinin müxtəlif bəhanələrlə övladlarını orduda xidmətdən yayındırmalarından dəfələrlə şikayət ediblər. Onların fikrincə, əvvəlki hökumətin dövründə kasıbların uşaqlarını ön cəhhəyə göndərir, zəngin məmurların oğullarını isə hərbi xidmətdən azad edirdilər. İndi isə Paşinyan hökuməti əhalinin tələbilə orduda xidmətin hansı əsaslarla təxirə salınması məsələsini araşdırmağa çalışır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   hərbixidmət   ordu  





Xəbər lenti