Nəvaz Şərif və qızı həbs olundu - VİDEO

Nəvaz Şərif və qızı həbs olundu - VİDEO
  14 İyul 2018    Oxunub:4013
Pakistanın keçmiş baş naziri Nəvaz Şərif barəsində verilən həbs qərarı ilə əlaqədar həyat yoldaşının müalicəsi üçün getdiyi Londondan geri qayıdıb. Sabiq baş nazir Pakistanın Lahor kəndində onu qarşılamağa gələn əhaliyə salam verməyə macal tapmadan hava limanında hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onunla birgə Pakistana qayıdan qızı Məryəm də saxlanılıb. Onlar xüsus təyyarəyə mindirilərək həbs cəzasının icra edilməsi üçün paytaxt İslamabada göndəriliblər. Orada isə Adiala həbsxanasında saxlanılacaqlar.

Həmçinin, bundan əvvəl Şərifin Müsəlman Liqası – Nəvaz Partiyasının 100-ə yaxın üzvü həbs edilib.

Şərif Londondan ayrılmazdan öncə jurnalistlərə verdiyi açıqlamada Pakistanda həbs olunması təhdidinin onu fikrindən daşındırmayacağını və təslim olacağını bildirmişdi. Bununla belə vurğulayıb ki, ona qarşı irəli sürülən bütün ittihamlar siyasi məqsədlidir.



Qeyd edək ki, Nəvaz Şərif Pakistanın ən məşhur siyasətçilərindəndir. O, 2017-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən korrupsiyada ittiham edilərək baş nazir vəzifəsindən uzaqlaşdırılmışdı. Belə ki, məşhur “Panama kağızları” qalmaqalında Şərifin və onun 3 övladının adı çəkilib. Ona qarşı mənbəyi bilinməyən pul əldə edərək həmin vəsaitlərlə investisiya qoymaq və əmlak almaq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və korrupsiya ilə bağlı 3 cinayət işi açılıb.

Məhkəmənin qərarı ilə həmin işlərdən biri üzrə 68 yaşlı Şərifə 10 il həbs və 8 milyon sterlinq cərimə, qızı Məryəmə isə 7 il həbs və 2 milyon sterlinq cərimə cəzası verilib. Qərarın elan olunduğu vaxt Britaniyada olan Nəvaz Şərif rəsmi İslamabada müraciət edərək, həyat yoldaşının xəstəliyinə görə Londonda olduğunu bildirib və bunun üçün məhkəmənin təxirə salınmasını istəyib. Lakin onun bu istəyi nəzərə alınmayıb. Digər 2 cinayət işi üzrə isə məhkəmə daha sonra qərar çıxaracaq. Şərif bu işdə övladlarının heç bir günahının olmadığını bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Pakistan   Nəvaz-Şərif  





Xəbər lenti