Erməni generalın evində axtarış aparıldı

Erməni generalın evində axtarış aparıldı
  14 İyul 2018    Oxunub:3041
Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Dağlıq Qarabağdakı qondarma rejimin sabiq “baş nazirinin müavini”, Qarabağ separatçılarının lideri Bako Saakyanın keçmiş “məsləhətçisi” general-leytenant Artur Ağabekyanın evində milli təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən axtarış aparılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ağabekyan “Facebook” səhifəsində məlumat yayıb və Ermənistan xüsusi xidmət orqanlarının bu davranışını kəskin tənqid edərək, özünə qarşı irəli sürülən ittihamların yalan olduğunu deyib.

Qeyd edib ki, məhkəmənin qərarı ilə ötən gün onun Meç Taxer kəndindəki ata evində, həmçinin “Metakskombinat” QSC-yə məxsus 11 hüquq şirkətində axtarış aparılıb.

Ağabekyan 2016-cı ilin aprel döyüşlərində yaralanan erməni hərbçilərə ayrılan humanitar yardımı mənimsəməkdə və bir hissəsinin Manvel Qriqoryana verməkdə ittiham olunur. O, lakin bildirib ki, 2015-ci ilin mayından etibarən, ümumiyyətlə Qriqoryanla ünsiyyətdə olmayıb. Aprel döyüşlərində isə cəmi 2 dəfə onunla görüşüb. İttihamlardan yaxa qurtarmaq üçün Ağabekyan hətta ordu üçün ayrılan yardımların paylanılması üzrə komissiyanın tərkibində olmadığını deyib.

Qeyd edək ki, Ermənistanın sabiq müdafiə nazirinin müavini, parlamentin deputatı, “Yerkrapa” Müharibə Könüllüləri İttifaqının sədri, Füzuli və Cəbrayıl rayonlarının işğalını gerçəkləşdirən 5-ci briqadanın keçmiş komandiri, general Manvel Qriqoryan həbs edilib. Ona qarşı qanunsuz silah və hərbi sursat əldə edilməsi və saxlanılması, həmçinin 2016-cı ilin aprel döyüşlərdə yaralanan erməni hərbçilərinə ayrılan humanitar yardımın mənimsənilməsi üzrə cinayət işi açılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bəyan edib ki, Manvel Qriqoryan erməni məktəblilərinin əsgərlər üçün topladığı ərzağı ələ keçirib və onu öz heyvanlarına, ayı və pələnglərinə yedirdib. Qriqoryan ordu üçün nəzərdə tutulan texniki vasitələri, o cümlədən hərbi maşınları da ələ keçirməkdə ittiham olunur.

Xatırladaq ki, son 2 ayda Ermənistan ordusu və Müdafiə Nazirliyindəki qalmaqallı korrupsiya işləri üzrə çoxsaylı cinayət işləri açılıb, bir sıra indiki və sabiq vəzifəli şəxlər istintaqa cəlb edilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ   korrupsiya   separatizm   ordu  





Xəbər lenti