ABŞ “Bəyaz dəbilqəlilər”i Suriyadan çıxarır

ABŞ “Bəyaz dəbilqəlilər”i Suriyadan çıxarır
  16 İyul 2018    Oxunub:1778
ABŞ administrasiyası “Bəyaz dəbilqəlilər” təşkilatının üzvlərini Suriyadan “evakuasiya” etmək üçün Kanada, Böyük Britaniya, Fransa və digər dövlətlərlə danışıqlar aparır. Söhbət min nəfər bəyaz dəbilqəlidən və onların ailə üzvlərindən gedir.
AzVision.az xəbər verir ki, bu barədə CNN telekanalı etibarlı mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Suriya hökuməti daha çox əraziləri öz nəzarətinə qaytardıqca, Vaşinqton “Bəyaz dəbilqəlilər”in təhlükəsizliyinə görə narahat olmağa başlayıb.

CNN xəbər verir ki, bu məsələni ABŞ prezidenti Donald Tramp bu gün rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüşdə də müzakirə edəcək.

“Bəyaz dəbilqəlilər” təşkilatının üzvlərinin Kanada, Böyük Britaniya, Almaniya və digər ölkələrə göndəriləcəyi vurğulanır. Onların Suriyadan təhlükəsiz şəraitdə çıxması üçün ABŞ başda olmaqla müttəfiqlər İsrail və İordaniya ilə dəhlizin açılması barədə danışıqlar aparmağa hazırlaşırlar.



Qeyd edək ki, 2013-cü ildə ingilis kəşfiyyatının əli ilə Ceyms Le Messierin (bu şəxs Kosova, İraq, Livan, Liviya və digər münaqişəli zonalarda "fəaliyyət" göstərib) başçılığı ilə yaradılan “Bəyaz Dəbilqəlilər” (“White Helmets”) Suriyada humanitar fəaliyyətlə məşğul olduqlarını deyən QHT-dir və əsasən yerli əhalidən formalaşıb.

“Bəyaz Dəbilqəlilər” müstəqil təşkilat olduqlarını desələr də, əsas donorları Qərb dövlətləridir. 2013-cü ildən bəri “Bəyaz Dəbilqəlilər”i 3 NATO ölkəsi maliyyələşdirir: ABŞ 33 milyon dollar, Böyük Britaniya 29 və Almaniya 4,5 milyon dollar. Bu ilin 4 mayında isə ABŞ Dövlət Departamenti Vaşinqtonun “Bəyaz dəbilqəlilər”in maliyyələşdirilməsini dayandırdığını bəyan edib.



Suriyada Bəşər Əsəd hökuməti “Bəyaz dəbilqəlilər”i terrorçulara dəstək olmaqda, Suriyaya Qərbin hərbi müdaxiləsi üçün əsas vermək məqsədilə saxta kimyəvi hücum videoları hazırlayaraq beynəlxalq birliyi leqitim hökumətə qarşı qaldırmaqda ittiham edir. Son 2 ildə Qərb koalisiyası məhz yeganə sübut kimi “Bəyaz dəbilqəlilər”in yaydığı "kimyəvi hücum" videolarına əsaslanaraq Suriyanı 2 dəfə bombalayıb.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Suriya   ABŞ   Qərbkoalisiyası   “Bəyazdəbilqəlilər”  





Xəbər lenti