İki düşmən ölkə rəsmən barışdı

İki düşmən ölkə rəsmən barışdı
  16 İyul 2018    Oxunub:2008
Bu gün Afrikanın şimal-şərqində yerləşən Eritreya qonşu Efiopiyanın paytaxtı Əddis Əbabada öz səfirliyini yenidən açıb. Bununla da, 20 ildən sonra iki ölkə arasındakı diplomatik münasibətlər bərpa olunub.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, səfirliyin açılış mərasimində Eritreya prezidenti İsaias Afverki və Efiopiya baş naziri Abiy Əhməd şəxsən iştirak ediblər.

Xatırladaq ki, 9 iyulda Asmara şəhərində keçirilən ikitərəfli tarixi görüşdə Efiopiya və Eritreya liderləri “Sülh və Dostluğa dair Birgə Bəyannamə” imzalayaraq, iki ölkə arasında hökm sürən müharibə vəziyyətinə son qoyduqlarını, sülh və dostluğa söykənən yeni dövrün başlandığını bəyan ediblər.

Bildiriblər ki, illərdir davam edən müharibə vəziyyətindən sonra Efiopiya və Eritreya arasında diplomatik, ticarət, nəqliyyat və kommunikasiya əlaqələri bərpa olunacaq və sərhədlər yenidən açılacaq.

Qeyd edək ki, 1993-cü ildə Efiopiyadan ayrılaraq Eritreyanın müstəqillik əldə etməsindən sonra iki ölkə arasında sərhəd məsələləri üzündən ziddiyyətlər yaranmışdı. Nəticədə 1998-2000-ci illərin müharibəsində on minlərlə insan həyatını itirmişdi. 2000-ci ildə Əlcəzirədə iki ölkə arasında sülh müqaviləsi imzalansa da, Efiopiyanın bəzi mübahisəli ərazilərdən çəkilməyi rədd etməsi nəticəsində münaqişə indiyədək davam edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Afrika   Efiopiya   Eritreya  





Xəbər lenti