Ermənistan ordusunda korrupsiya şəbəkəsi - Tutulanlar var (VİDEO)

  17 İyul 2018    Oxunub : 5380
Ermənistan ordusunda korrupsiya şəbəkəsi - Tutulanlar var (VİDEO)
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) bir sira vətəndaşların, o cümlədən dövlət məmurlarının, həkimlərin və hərbi komissarlıqların cəlb olunduğu böyük korrupsiya sxeminin üstünü açıblar.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, həkimlər və hərbi komissarlığın işçiləri aldıqları böyük məbləğdə rüşvət müqabilində saxta tibbi sənədlər düzəltmək yolu ilə orduda xidmətə çağırılan 40-dan çox Ermənistan vətəndaşını məcburi hərbi xidmətdən azad ediblər. Bu korrupsiya sxemində baş rolu isə həkim Aramais Sanosyan oynayıb.



İlkin sübutlara əsasən, orduda xidmətdən yayınmağa hərbçilərin özləri də “kömək” ediblər. Kolya Kosakyan adlı ehtiyatda olan hərbi qulluqçu tibbi dairələrdəki əlaqələrindən istifadə edərək bir qrup vətəndaşla sövdələşməyə girib. O, 14 min ABŞ dolları müqabilində hərbi xidmətə çağırılanların mülki xəstəxanalara göndərişini təşkil edib. Həmin xəstəxanalarda isə hərbi xidmətə çağırılanlara saxta diaqnoz qoyulub ki, nəticədə onların orduda xidməti təxirə salınıb, yaxud hərbi xidmətdən ümumiyyətlə azad olunublar.

Bu cür irimiqyaslı və böyük korrupsiya şəbəkəsində keçmiş və hazırkı hərbi komissarlıqların əməkdaşları da iştirak ediblər. Əldə edilən sübutlar əsasında Kole Kosakyan, Qarik Arakelyan və Aramais Sanosyana qarşı cinayət işi açılıb.

Ermənistan MTX ifşa olunan korrupsiya sxeminin bütün iştirakçılarını, şəbəkə ilə əlaqəsi olan vəzifəli şəxslərin aşkarlanması üçün ciddi istintaqa başlayıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Ermənistan   ordu   korrupsiya