İranın qərarı etirazlara səbəb oldu - 8 ölü, 200 yaralı

İranın qərarı etirazlara səbəb oldu - 8 ölü, 200 yaralı
  17 İyul 2018    Oxunub:7235
İraqın cənubundakı 3 əyalətdə 9 gündür davam edən etiraz aksiyaları nəticəsində 8 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb. Xəsarət alanların 128-i təhlükəsizilik xidmətinin əməkdaşlarıdır.
AzVision.az CNN-ə istinadən xəbər verir ki, bu barədə İraq Səhiyyə Nazirliyinin sözçüsü Saif əl-Badər məlumat verib.

İraqın cənub əyalətlərində elektrik enerjisi və su çatışmazlığı problemlərinin həllini və işlə təmin olunmalarını tələb edən minlərlə sakin hökumət əleyhinə aksiyaları davam etdirib. Etirazları yatırmaq üçün polis odlu silah və gözyaşardıcı qazdan istifadə edib. İraq hökuməti Bəsrə, Kərbəla, Ən-Nəcəf və Maysan əyalətlərində komendant saatı tətbiq edib, güc strukturları tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ölkənin cənubunu bürüyən kütləvi etirazlar fonunda İraq hökumətinin kommunal problemləri həll etmək yolunda İranla apardığı danışıqlar nəticəsiz qalıb.

“İraq nümayəndə heyətinin elektrik enerjisinin bərpasına dair İranla apardığı danışıqlar uğursuzluqla nəticələnib”, - deyə İraqın energetika naziri Qasem əl-Fəhdavi Tehranda keçirilən görüşün yekunu barədə məlumat verərkən bildirib. Qeyd edib ki, İraqın cənub əyalətlərini elektrik enerjisi ilə təchiz etmək üçün hazırda alternativ variantlar axtarılır.

Xatırladaq ki, 13 iyulda İranın enerji naziri Rza Ərdəkaniyan ölkədəki mövcud su və elektrik probleminin aradan qaldırılması üçün Pakistan, Əfqanıstan və İraq kimi qonşu ölkələrə su və elektrik ixracını dayandırdıqlarını bəyan edib. Nəticədə həmin ölkələrdə kommunal təchizatla bağlı ciddi problemlər yaranıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   İran   elektrik   su   aksiya  





Xəbər lenti