ABŞ-dan İran nefti ilə bağlı güzəşt

ABŞ-dan İran nefti ilə bağlı güzəşt
  17 İyul 2018    Oxunub:5971
ABŞ İrandan neft idxalını dayandırmaq üçün müəyyən qədər vaxta ehtiyac duyan ölkələrə qarşı istisnalar edə bilər.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib. O, Vaşinqtonun bu qərarını İrana qarşı sanksiyaların yenidən işə düşməsilə qlobal neft bazarında yaşana biləcək mümkün böhranın qarşısını almaq məqsədilə izah edib.

“Biz ölkələrin İrandan neft idxalını sıfıra endirmək istəyirik. Müttəfiqlərimizə aydın şəkildə bildirmişik ki, heç bir geriyə dönüş və istisna olmayacaq. Amma xüsusi hallarda əgər onlar bunu bir gün içində etməyə çatdırmırsa, biz istisnaları nəzərə alacağıq. Əmin olmaq istəyirik ki, digər ölkələrin neft idxalını dayandırmağa kifayət qədər vaxtı var. Çünki enerji bazarında böhranla bağlı ehtiyatlı olmağa çalışırıq”, – deyə Mnuçin vurğulayıb.

O, həmçinin əlavə edib ki, bu həftə G20 (“Böyük iyirmilik”) ölkələri maliyyə nazirlərinin Buenos-Ayresdəki görüşü çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdəki həmkarları ilə aparacağı danışıqlarda ABŞ-ın İrana tətbiq edəcəyi sanksiyalar müzakirə olunacaq.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

Vaşinqton İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirmək üçün bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib. Təzyiqlər nəticəsində artıq Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   sanksiya  





Xəbər lenti