Aİ ilə Yaponiya arasında gömrük rüsumları ləğv edilir

Aİ ilə Yaponiya arasında gömrük rüsumları ləğv edilir
  17 İyul 2018    Oxunub:7902
Avropa İttifaqı və Yaponiya ikitərəfli ticarət mübadiləsində, demək olar ki, bütün tariflərdən imtinanı nəzərdə tutan hərtərəfli saziş imzalayıblar.
AzVision.az “Associated Press”ə istinadən bildirir ki, ABŞ-la yaşanan ticari gərginlik fonunda imzalanan bu azad ticarət müqaviləsi qlobal iqtisadiyyatın 1/3 hissəsinə və 600 milyondan çox insana şamil olunur.

Ötən il razılaşdırılan sənədin imzalanması iyulun əvvəlinə nəzərdə tutulmuşdu. Lakin Yaponiyada baş verən təbii fəlakətə görə baş nazir Şinzo Abe Avropa turnesini təxirə saldığından Avropa İttifaqı (Aİ) Şurası prezidenti Donald Tusk və Aİ Komissiyasının sədri Jan-Klod Yunker dünəndən etibarən Tokioda səfərdədirlər.

Bu gün imzalanan ticarət sazişinə əsasən, yaponlar Avropa şərabı və donuz ətini, avropalılar isə Yaponiyanın maşın hisələri, çay və balıq məhsullarını daha ucuz qiymətə əldə edəcəklər. Müqavilə ilə Yaponiyadan Avropaya ixrac edilən məhsullara qoyulan gömrük rüsumları 99 faiz ləğv edilir. Lakin Yaponiyanın Avropadan idxal etdiyi mallara qoyulan tariflər isə 94 faiz aradan qaldırılır. Gələcəkdə Avropanın ixrac etdiyi məhsullar da gömrük rüsümundan 99 faiz azad olacaq.

Tokio ikitərəfli tarif qiymətlərindəki bu fərqi düyü və digər məhsulların yaponlar üçün mədəni və siyasi həssaslığa malik məsələ olması, onların yetişdirilməsi ənənəsinin ərslər boyu Yaponiyada qorunması ilə izah edib. Həmçinin, ölkənin iqtisadi inkişafının əsasən ixracatdan asılı olması da bu məsələdə rol oynayıb.

Azad ticarət haqqında ikitərəfli saziş 2019-cu ilin martında Böyük Britaniya Aİ-dan çıxdıqdan sonra ratifikasiya olunacaq.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yaponiya   Avropa   tarif   ticarət  





Xəbər lenti