"Taliban"la toqquşmada 15 polis ölüb

"Taliban"la toqquşmada 15 polis ölüb
  17 İyul 2018    Oxunub:9177
Əfqanıstanın cənubundakı Qəndahar əyalətində "Taliban" silahlı qruplaşması ilə hökumət qüvvələri arasında baş verən toqquşmada 15 əfqan polisi ölüb.
AzVision.az xəbər verir ki, bu barədə "Pajvak" agentliyi Əfqanıstanın hökumət nümayəndələrinə istinadən məlumat yayıb.

Bu gecədən etibarən Qəndahar əyalətində bir neçə insident baş verib. Əyalət qubernatorunun mətbuat katibi Daud Əhmədinin sözlərinə görə, talibançılar Qəndaharın şimal-şərqindəki polis nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Silahlı toqquşmada Əfqanıstanın təhlükəsizlik orqanlarının 6 əməkdaşı öldürülüb, 10 nəfər isə yaralanıb. Bununla belə, qarşı tərəfdən də 25 talibançını məhv etmək mümkün olub.

Qəndaharın cənub-şərqindəki toqquşmada isə daha 9 polis işçisi ölüb, 5-i yaralanıb. Taliban qruplaşması isə Qəndaharda 4 ədəd polis nəzarət-buraxılış məntəqəsini ələ keçirdiyini bəyan edib.



Xatırladaq ki, "Taliban" hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndahar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını “Əfqanıstan İslam Əmirliyi”nə dəyişib. O zaman Talibanın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə edir.

Silahlı qruplaşmaya çevrilən Taliban hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən Taliban hərəkatı BMT Təhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti