İş adamı 3,4 milyard dollarını xeyriyyəyə ayırdı

İş adamı 3,4 milyard dollarını xeyriyyəyə ayırdı
  17 İyul 2018    Oxunub:9246
Amerikalı milyarder Uorren Baffet sahibi olduğu “Berkshire Hathaway” investisiya şirkətinin 3.4 milyard dollar həcmindəki səhmlərini 5 xeyriyyə təşkilatına bağışlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Berkshire Hathaway” şirkəti məlumat yayıb.

Bildirilib ki, Baffet A sinifli 11,9 min səhmini B sinifli 17,8 milyonluq səhmlərinə ötürüb və bu səhmlərin 17,7 milyonunu – bütövlükdə 3,4 milyard dolları 5 xeyriyyə təşkilatı arasında paylayıb. Həmin xeyriyyə təşkilatları Bill və Melinda Qeytslərin fondu, Syuzan Tompson Baffet fondu (Baffetin mərhum arvadının şərəfinə adlandırılıb), Şervud fondu (Uorrenin qızına məxsus fond), Qovard Baffet fondu (Uorren Baffetin böyük oğlu) və NoVo fondudur.

Şirkət səhmlərin fondlar arasında hansı qaydada paylanması haqda məlumatı açıqlamır. Qeyd olunub ki, Baffet “Berkshire Hathaway” şirkətinin səhmlərini heç vaxt satmayıb. Lakin şirkətin məlumatında deyilir ki, amerikalı milyarder “Berkshire Hathaway” şirkətində ona məxsus bütün səhmləri illik bağışlamalar formasında xeyriyyəyə sərf edəcək. Ümumilikdə isə, Baffet indiyədək sərvətinin 31 milyard dollarını xeyriyyə məqsədilə bağışlayıb.

Qeyd edək ki, “Berkshire Hathaway” sığorta, energetika, dəmiryol nəqliyyatı, nəşriyyat biznesi sahəsində fəaliyyət göstərən müxtəlif şirkətləri idarə edən Baffetə məxsus holdinqdir. O, həmçinin, Coca-Cola və Apple şirkətlərinin səhmlərinin bir hissəsinə malikdir. Dünyanın ən zəngin insanlarından olan Uorren Baffetin ümumi sərvəti isə 100 milyard dollardan çoxdur.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: “BerkshireHathaway”   ABŞ   xeyriyyə   milyarder  





Xəbər lenti