"Kəlimeyi-Şəhadət"i bilməyən müsəlmanlar - Murad Köhnəqala yazır

AzVision.az üçün
Türkiyə jurnalistləri zaman-zaman ən mübahisəli mövzuları cəmiyyət içərisinə çıxararaq, küçə sorğuları aparır, bununla əhalinin problemə münasibətini təxmin edirlər. Sosioloqlar ötən il İstanbulun küçələrində adamlardan iki şey soruşdular: Birincisi, müsəlmansanmı? İkincisi, müsəlmansansa, kəlimeyi-şəhadətini bilirsənmi?
Sorğu zamanı respondentlərin hər biri sinəsini irəli verərək, cani-dildən “əlhəmdülillah, müslümanım”,- dedi.
Sualın ikinci hissəsində, kəlmeyi-şəhadət məsələsində isə yaşlı nəsil çulunu birtəhər sudan çıxarsa da, gənc nəslin nümayəndələrinin dili topuq vururdu. Həmin kəlmələri “buksovat” eləyərək ərəbcə güclə deyə bilənlərdən soruşurdular ki, bəs, bu dediklərinin mənası nədi? Adamların çoxusu çiyinlərini çəkib, kamera qarşısından qaçırdı.
Beləcə, adi bir küçə sorğusu göstərdi ki, türkiyəli soydaşlarımız bilmədikləri dinə necə taxılıblar, üstəlik, sevirlər də. Mənasını, tarixini bilmədiyi bir din üçün hər şeyə hazır olan, düşüncədən kənar bir kütlə hazırdır artıq. Götür, hara istəyirsən, sürüklə!
Yaxınlarda bizimkilər də həmin Türkiyə sosioloqlarının rəy sorğusunu yamsılayaraq, onu Bakının küçələrində sınaqdan keçirtdilər. Suallar eyni idi: Müsəlmansanmı, kəlmeyi-şəhadətini bilirsənmi?
Bizimkilər “müsəlmansanmı?” sualına, bir qayda olaraq, ağızbaağız, aşıb-daşan, coşan, lazım olandan da artıq cavab verirdilər. Təxminən belə: “Ayıb söhbətdi, müsəlman olmamaq olarmı? Müsəlmanam, hələ biraz da artığınnan! Müsəlmanam, bəli, başqa sözünüz vaaar? Əlbəttə, müsəlmanam, müsəlman olmadığım gün allah başıma bir yekə daş salsın! Müsəlman olmayandan insan olmaz! Müsəlman pak, təmiz, allahını-peyqumbərini tanıyan adamdı. Müsəlman olmayan murdar it leşi kimi bir şeydi. Biz ata-babadan müsəlmanıq, belə də gedəcəyik! Noolub bəyəm, müsəlman deyiləm deyən də var buralarda? Elələrini görsəm başını bədənindən üzərəm!..”
Hamısı birinci suala uğurla, artıqlaması ilə cavab verir, bir beşilliyin planını üç ilə doldururdu. Ancaq ikinci sualda biabırçı performanslar göstərəsi olurdular. “Kəlmeyi-şəhadətinizi deyə bilərsinizmi?” sualı onları tok kimi vurub, zəhərlənmiş tarakana döndərirdi.
Biri dedi: “Bilirdim ee, ətağa, elə bayaq onu deyə-deyə gəlirdim, nətər yadımnan çıxdı ee!”
Biri dedi: “Kəlmeyi-şəhadət? Bu saat, dayan, bu dəyqə deyəcəm. Öhö-öhö! Şeydi dəə, nədi onun adı, əşi, bu dəyqə tapacam. Nəysə, neynirdin ki?”
Biri dedi: “Bilirəm, əlbəttə! Mənim rəhmətlik nənəm həmişə bizə əzbərlətdirərdi. Ay daa! Nətər yadımnan çıxıb ee! Dayan görüm, lap dilimin ucundadee! Tfu, gör ee, şeytan qoymur deməyə!”
Biri dedi: “Kəlmeyi-şəhadət? Bu dəyqə deyim sənə. Dayan, bu dəydə. Bu nədi, mikrofondu? Çəkiliş aparırsınız? Bala, belə müqəddəs sözləri mikrofona demək olmaz, günahdı! Yığışdırın bunu! Tez olun! Allahdan qorxun!”
Balam, bilmirsən dəə, burda nə var ki? Ta, özünü niyə öldürürsən? Denən, bilmirəm, gedib öyrənərəm, yaxud, heç bunu vacib bilmirdim, demək əzbərləmək lazım imiş və s. Yoxsa dilimin ucundadı, kilimin küncündədi nədi, day?..
Bilsək ki, heç olmasa, öz inancınızda, dininizdə səmimisiniz, baxıb keçərik. Elə deyilsiniz, axı!
Ümumiyətlə, Azərbaycan insanlarında “bilmirəm” sözünü dilə gətirməyin məşəqqəti duyulur həmişə. Burda heç kim “bilmirəm” deyib, öyrənmək istəmir.
Dəfələrlə olub, Bakıda yerini dəqiq bilmədiyim məkana gedərkən dəqiqləşdirmək üçün bir neçə adamdan soruşmuşam. Əl-qolunu ölçərək hərəsi mənə bədahətən başqa-başqa istiqamət göstərib.
Dindarlarımız da belədir, ən qəliz elmi suallara belə, “bilmirəm” deməzlər, mütləq cavab verərlər. Onlar hər şeyi “bilir”, bütün hadisələrin səbəbini “izah edir”, bilməməyi haram sayırlar.
Teqlər: Murad-Köhnəqala Müsəlman Kəlimeyi-şəhadət