İsrail ərəb dilinin statusunu ləğv etdi
Yeni əsas qanuna 120 deputatdan 62-si səs verib, 55 nəfər qarşı çıxıb. Ərəb deputatlar nümayişkaranə şəkildə qanunun mətnini cırdıqlarına görə parlamentin iclas zalından çıxarılıblar. Bu zaman onlar “Siz aparteid haqqında qanun qəbul etdiniz”,- deyə qışqırıblar.
Ərəblər İsrail əhalisinin 21%-ni təşkil edirlər. İndiyə qədər ölkədə ərəb dili ivritlə bərabər tutulurdu. İsraildə ərəblər formal olaraq yəhudilərlə eyni hüquqlara malikdirlər. Amma reallıqda bəzi hallarda (məsələn, işə götürülmə zamanı) bu bərabərliyin pozulduğu bildirilir.
Qanun, həmçinin İsrailin tutduğu torpaqlarda salınmış yaşayış məskənlərini milli dəyər elan edir və onların inkişafına dəstək verilməsini nəzərdə tutur.
Ərəb deputatlar baş nazir Binyamin Netanyahuya “Ərəb dilindən niyə qorxursunuz?” sualını ünvanlasalar da, onun cavabı belə olub: “Siz Yaxın Şərqin yeganə demokratik ölkəsi haqqında bu cür danışa bilməzsiniz”.
Tariyel Həsənov
AzVision.az