Evləri dağıldı – dövlət yenisin verdi

Evləri dağıldı – dövlət yenisin verdi
  18 Oktyabr 2013    Oxunub:1290
Şamaxıda torpaq sürüşməsindən ziyan çəkən sakinlər üçün yeni evlərin tikintisi başa çatdırılıb.
Bir neçə il əvvəl Şamaxı rayonunun Muğanlı qəsəbəsində baş vermiş torpaq sürüşməsindən ziyan çəkən sakinlər üçün yeni evlərin tikintisi başa çatdırılıb.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Muğanlı qəsəbəsinin əhalisi üçün Meysəri kəndinin ərazisində yeni evlərin tikintisinə ötən ilin sentyabrında başlanılıb və 14 hektar ərazidə 63 evin inşası işləri tam yekunlaşıb.

Tikinti işlərini həyata keçirən şirkətin nümayəndəsinin sözlərinə görə, bütün evlərdə hörgü işləri başa çatdırıldıqdan sonra dam örtüyü, qapı-pəncərələr quraşdırılıb, otaqlarda döşəmə və tavan işləri görülüb. Evlərdə rəngləmə işləri aparılıb və qəsəbədə daxili yollar çəkilib, artezian quyuları qazılıb, evlərə su və kanalizasiya, elektrik və qaz xətləri çəkilib.

Yeni mənzillərdən bir ədədi 1, 28 ədədi 2, 32 ədədi 3, bir ədədi isə 4 otaqlıdır. Gələcəkdə yeni yaşayış massivində məktəb və digər sosial obyektlərin inşası nəzərdə tutulur. Bundan əlavə, Şamaxıda və kəndlərdə torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən 22 fərdi yaşayış evinin, şəhərdə isə 5 ailə üçün tikilən 2 mərtəbəli yaşayış binasının inşası da başa çatdırılıb.

Hazırda rayonun Çarhan, Qaleybuğut, Göylər kəndində torpaq sürüşməsindən ziyan çəkən sakinlər üçün fərdi yaşayış evləri tikilir. Çuxuryurd, Mədrəsə kəndlərində, Şamaxı şəhərində isə yeni evlərin tikintisi üçün layihə smeta-sənədləri hazırlanıb. Evlər yaxın bir həftə ərazində ev sahiblərinə təqdim olunacaq.

Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində Şamaxı şəhərində və 21 kənddə ümumilikdə 412 ev ziyan çəkib.


Teqlər:





Xəbər lenti