Rekordçu abituriyent 700 bal toplamağın sirrini açıqladı

Rekordçu abituriyent 700 bal toplamağın sirrini açıqladı
  23 İyul 2018    Oxunub:13815
Fəyyaz Aslanlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən IV ixtisas qrupu üzrə yay qəbul imtahanında 700 bal toplayıb.

AzVision.az-ın məlumatına görə, Masallı rayonunun Gəyəçöl kəndində yaşayan Fəyyaz ibtidai sinfi kənd məktəbində oxuyub. Daha sonra 2 il Masallı rayon Dəfinə liseyində təhsilini davam etdirib, 7-ci sinifdən isə Lənkəran rayon İstək liseyinə daxil olub.
Təhsil ödənişli olsa da, Fəyyaz liseyə qəbul imtahanı nəticəsində region üzrə 5-ci yeri tutub və 100 faiz güzəştlə oxuyub.

5 il ingilis dilində təhsil alan abituriyent sevinc təəssüratlarını AzVision.az-la bölüşüb.

“IV ixtisas qrupuna sıfırdan hazırlaşmışam, bütün dərsləri yenidən Azərbaycan dilində öyrənmişəm. Əzmim və çalışmağım sayəsində 700 bal topladım. İlk qəbul imtahanında 644 bal toplamışdım. Buna səbəb dərin məntiq səhvi idi. Dövlət İmtahan Mərkəzi sualları üzdən soruşur, mən isə dərin məntiqlə işlədiyim üçün səhvlər çıxmışdı”.

Məktəbdə sosial layihələrdə iştirak etdiyini deyən Fəyyaz milli futbol və voleybol komandalarında iştirak edib, həmçinin lisey daxili coğrafiya və kimya olimpiyadaçısı olub.

O, digər abituriyentlərə yüksək nəticə göstərməyin sirlərini açıb. Bildirib ki, burada oxumaqdan əlavə, dünyagörüşü də əsasdır.

“İnsan beyni bir yerə qədər əzbər və bilik qəbul edir. Əsas əzmkar olmaq lazımdır. İmtahanda 600-650-yə kimi oxuduğun dərslərin balını yığırsan. 660-690 balda isə dünyagörüşü rol oynayır. Yerdə qalan 10 bala isə həyəcan, stress və digər emosional hisslər mane ola bilər. Gün ərzində 8 saat dərs oxuyurdum. Çünki insan beyni bir varlıqdır və sən ona nə qədər əziyyət etsən, o da sənə edəcək”.

F.Aslanlı Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsilini davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 18-də keçirdiyi imtahanda I ixtisas qrupu üzrə 11 abituriyent, IV ixtisas qrupu üzrə isə 4 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: 700-bal   Abituriyent  





Xəbər lenti