Betonlanan qəbir necə itsin?! – Murad Köhnəqala

Betonlanan qəbir necə itsin?! – Murad Köhnəqala
  26 İyul 2018    Oxunub:5754
Murad Köhnəqala
AzVision.az üçün

Tanıdığım yaşlı adamların ölümünü nə qədər rahat qarşılasam da, yenə bu xəbərin içərisində “demək, onu bir daha görməyəcəm” adlı kədərim var.
Bu dəfə kənddən zəng edib dayımın ölüm xəbərini dedilər mənə. Kənddə dayımgillə bizim aramızda cəmi iki ev var. Dayım anamın sağ qalan sonuncu qardaşı idi. Anam hər gün səhər tezdən yumalana-yumalana qardaşına baş çəkməyə gedirdi. Birinci işi bu idi, yəni.

Bakıdan kəndə getdim, dəfnində iştirak elədim. Bir vaxtlar lap balaca olan kəndimizin sakinləri sovetdənqalma sovxoz yerlərini bölüşərək, artıb-çoxalıblar. Nə vaxtsa kəndin qırağı sayılan qəbristan sonradan tikilən yeni evlərin əhatəsində qalıb, artıq.

Bizim qəbristandakı baş daşlarının tarixini, burada haçansa yaşamış və yaşayan insanların həyat tərzinə uyğun olaraq, təxminən, dörd dönəmə bölmək olar. Başda, sol yandan başlayan baş daşları iri, ağ daşlardan ucaldılıb. Hər bir daşın üstündə ad və tarix var. Oyma üsulla həkk olunmuş adlar və tarixlər indi də oxunmaqdadı. Qəbirlər yaşıl çəmənlikdə itib yerlə eyni səviyyədə olsa da müxtəlif formada yonulmuş yazılı başdaşları hələ də yaşamaqdadı. O daşların arasında indiyə qədər qamətini düz saxlayan da, əyilən də, baş-başa verib biri-birinə söykənən də, sınan da, əsirlərlə ayaq üstə dayanıb axırda üzüstə yıxılan da var.

İkinci dönəmə aid etdiyim, nisbətən sol tərəfdə düzülən qəbirlərin başdaşları isə adi çay daşlarından qoyulub. Təbii ki, qara çay daşlarının üstündə ad yazmaq mümkün deyil. Düşünürəm, bu daşlar sovetlərin əli ilə yenidən plana düşən kənddə yurd salmış sakinlərin qəbir nişanələridi. Bu nişanələr o zaman çətin həyat tərzi keçirən sakinlərin kasıbçılığından, dəfn mərasimlərinə o qədər də vaxt ayıra bilməməklərindən xəbər verir.

Biraz aşağı getdikdə isə görürsən ki, düzdü, buralar da qəbir yerləridi, ancaq ot basmış bu geniş sahədə başdaşı yoxdu. Bunlar İkinci Dünya müharibəsi ərəfəsində ölənlərin qəbirləridi. Arxa cəbhədə gecə-gündüz qul kimi çalışan kənd sakinləri dəfn etdikləri adamların qəbrinin baş ucuna, başdaşı əvəzi yalnız ağac yonub basdıra bilmişlər. Mən uşaq olanda o qəbirlərin tut ağacından yonulmuş başdaşlarının bəzilərini görmüşdüm. Niyə tut ağacından? Çünki tut ağacının odunu dözümlüdü, gec çürüyür.

Sonradan o ağacları qəbristanın yaxınlığında yaşayan sakinlər çıxararaq evlərinə daşımış, sobalara basıb yandırmışdılar.

Qəbir yerləri itmiş, başdaşları (taxta nişanələr) çürümüş, oğurlanmış bu sahədən biraz aşağıda isə sonuncu dönəm - yeni qəbirstan başlayır. Yeni qəbirstanın beton qəbirləri üzərində ucaldılmış köhnə və təzə başdaşları uzaqdan gözə çarpır. Nədənsə mən hər dəfə qəbirstanımıza gələrkən ən çox bu yeni hissədə ümidsizlik, narahatlıq, mistik bir kədər hissi keçirdirəm.

Bura artıq qəbirstanın qurtaracağıdı. Niyə qurtaracaqdı? Çünki qəbirstanın sağ yanı və ayaq tərəfi boyu çay axır. Betonlaya-betonlaya getdiklərinə görə, artıq qəbiristana ayrılan qədim sahə bitib.

Ancaq, sol tərəfdəki yolun o biri üzündə xam saxlanılan köhnə üzümlük sahəsinin təxminən iki hektar ərazisi də qəbirstan üçün ayrılıb. Görünür, kənd sakinləri anlayıb ki, sol qəbirstandan başlamaq hələ tezdi. Çünki köhnə qəbirstanın başlanğıc tərəfində itmiş qəbirlərdən qalma yerləri yeni qəbirlər üçün istifadə etmək olar. Necə deyərlər, köhnə “abzasdan” başlamaq mümkündü. Eləcə də eləyiblər.

Mənim dayımı da qəbiristanın baş tərəfində təzəcə sıralanmış qəbirlərin yanında dəfn elədilər. Bilirəm ki, dayımı onların qarışdığı torpağa tapşırdığımıza görə əcdadlarımız bizdən incimədi.

Müsəlmançılıqdan danışan adamlar həmişə “müsəlmanın qəbri itməlidi” desələr də, yenə yaxınlarının qəbirini betonlayaraq üstündən bahalı başdaşı ucaldırlar.

Əlbəttə, ölənlərimizi dediyimiz kimi dəfn eləsəydik, bizim balaca qəbristanımız əsrlərlə kənddə hamıya çatardı. Mənə elə gəlir, adamın qəbrinin üstündə qoyun-quzu otlayarsa, onun ruhu daha rahat olar. Ancaq biz torpaqları betonlaya-betonlaya gedirik.

Torpağa qarışan yüz ilin ölüsü bugün ölənlərə yer verir. Bilmirəm, bu gedişlə bugünkü qəbirlər yenisinə neçə əsrdən sonra yer verə biləcək? Belə baxıram, təzə ölənlərin beton qəbirləri sonradan ölmək istəyənlərə yer vermək haqda düşünmür.





Teqlər:





Xəbər lenti