Şeir oxuma, ayıbdır!

Şeir oxuma, ayıbdır!
  18 Oktyabr 2013    Oxunub:2169
Cavidan

Oktyabrın ortaları olsa da, havada yay istiliyi var deyə, mikroavtobusun bütün pəncərələri açıqdır. Bu pəncərələrdən içəriyə qarmaqarışıq insan səsləri, bazar uğultusu, maşın siqnalları doluşur. Yaxınlıqdakı məsciddən eşidilən Azan bitəndən sonra mikroavtobusun arxasındakı çayxanadan Rafaellə Çoşqunun yeni diski yenidən səsləndirilməyə başlayır.
Məndən arxada oturmuş yalşı qadın öz yanındakı altı-yeddi yaşlarında qızcığazın halsız iniltilərinə “can” deyə-deyə, arada Rafaellə Coşqunun sözlərinə də gülür. Qız bir daha inildəyəndə dönüb baxıram, mənim oturacağımın yuxarısından yapışan xırdaca əlinin üstü nazik ağ bint zolağı ilə sarınmışdır, iynə vurulduğu bilinir. Nə olduğu ilə maraqlanmaq istəyirəm ki, lap qabaqda oturmuş yaşlı, dolu qadın bu tərəfə çönür, tanıdığı bu qızcığazın nənəsi ilə danışmağa başlayır:

- Nə olmuşdu? – soruşur, - nə dedi həkim?
- Mədəsinə soyuq dəyibmiş, damarına iynə vurdular, mədəsini yudular, uşaq öldü, dirildi, - nənə cavab verir və növbəti iniltiyə “can” deyir yenə avtomatik.
- Qoyma onu şeir oxumağa daha, - ciddi-ciddi deyir qabaqda oturmuş qadın, - haçan şeir deyir məktəbdə, gözə gəlir, düşür iynə-dərman əlinə.
- Hə, vallah elədir, - deyir nənə, - bir də hünəri var bir müəllim ona bir şeir oxutdursun tədbirdə, uşağı küçədən tapmamışıq! Qız nədi, şeir nədi?
- Eşidirsən? – gözlərini qızcığazın üstünə bərəldir qabaqda oturan qadın, - bir də oxusan, ölərsən, eşitməyim, bilməyim ki, sən şeir oxumusan! Başında qalar, böyüyəndə də oxumaq istəyərsən, neyləyərik? Bax, nə günə düşmüsən, yenə iynə istəyirsən? Damarına iynə istəyirsən yenə? İstəyirsənsə, onda get müəllimənə qulaq as, istəmirsənsə, mənə! Ayıbdır,qız uşağısan, olmaz şeir oxumaq, Allah da hirslənir, səni bax nə günə salır!

Bu anda içəri doluşan tələbə qızlar və oğlanlar qabaqdakı qadını örtürlər və sürücü də gəlir deyə, bu söhbət bitir. İnildəyir qızcığaz, başını mənim oturacağımın yuxarısına qoyaraq. Mənim ruhum da inildəyir...

Mikroavtobus şəhərin küçələrindən keçir, kəndlərə gedən yola düşür, başımı pəncərənin çərçivəsinə söykəyib yolun bitməsini gözləyirəm. Yol isə min illərdir ki bitə bilmir ki, bilmir...

Gözlərimi yumuram, bir də evə çatanda oyanacaım yuxuya qapılmaq istəyi dolur beynimə. - ... Qıza lazımdır əgər bilmək: o da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, sənü səranı süpürüb, kasəni, qabı üfürüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindədir ibarət ki... - kimsə pıçıldayır qulağıma küləyin dili, arxada oturan nənənin səsi ilə. Başım ağrımağa başlayır. Bitsin bu yol, bitsin, bitsin, bitsin, istəyirəm...


Teqlər:  





Xəbər lenti