Yəməndə silahlı toqquşma - 36 husi öldürülüb

  30 İyul 2018    Oxunub : 2958
Yəməndə silahlı toqquşma - 36 husi öldürülüb
Yəməndə hökumət qüvvələrilə husilər arasında yaşanan növbəti silahlı toqquşmada 36 husi öldürülüb, 50-si isə yaralanıb. Hökumət ordusundakı itkilər barədə isə məlumat verilmir.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Yəmən ordusu ilə əlaqəli olan mətbuat mərkəzi “Facebook” səhifəsindən yaydığı açıqlamada toqquşmanın Əl-Məlacim rayonu yaxınlığındakı Əl-Bəyyad dağlarında baş verdiyini bildirib.

Haccə kəndində isə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin köməyi ilə hökumət ordusu Midi və Hayran rayonlarında son 3 ayda husilərin yerləşdiriyi 5 min 151 mina və partlayıcını zərərsizləşdirib. Hazırda hökumət qüvvələri Yəmənin şimalı ilə cənubu arasındakı birləşdirici nöqtədə yerləşən Beyda kəndində irəliləməyə davam edir.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Yəmən   SəudiyyəƏrəbistanı   husilər