Yaxın Şərqdə yeni müharibə ola bilər

Yaxın Şərqdə yeni müharibə ola bilər
  30 İyul 2018    Oxunub:4582
Yaxın Şərqdə növbəti müharibə su resursları uğrunda İraq, Suriya və Türkiyə arasında ola bilər. Çünki bu üç ölkə bölgədən keçən iki həyati əhəmiyyətli çaylara – Dəclə və Fərata iddia irəli sürürlər.
AzVision.az bildirir ki, bu barədə “Newsweek” suriyalı ekspert, beynəlxalq sular üzrə mütəxəssis Nabil Əl-Sammana istinadən yazıb.

Əl-Samman Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzetində dərc olunan məqaləsində bildirib ki, Yaxın Şərq regionunda növbəti müharibəyə məhz su səbəb olacaq. “Su müharibəsi” termini işlədən ekspertə görə hazırda su, mənbələr üzərində nəzarət silahı kimi istifadə olunur. Əmtəə məhsulu kimi suyun alınmasına isə güclü dövlətlər siyasi məqsədlər üçün nəzarət edirlər.

Suriyalı ekspert vurğulayır ki, Türkiyə hazırda 22 bəndin salındığı su anbarları və 19 elektrik stansiyasının tikilməsilə bağlı ambisiyalı layihəni reallaşdırmağa çalışır. Bu isə Dəclə və Fərat çaylarında axından aşağıda qalan dövlətlərə – İraq və Suriyaya su getməsini, demək olar ki, yarıya qədər azalda bilər. Bu layihələrin ideyası hələ Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən işlənib hazırlanıb. İndiki prezident Rəcəb Tayyib Ərdoğan isə onu başa çatdırmağa çalışır.

Əl-Samman bildirir ki, uzun illərdir Türkiyənin bu istəyi və layihəsi qonşu ölkələr arasında gərginlik yaradıb. Lakin ölkələr arasında siyasi mübahisələr məsələ ilə bağlı hansısa irəliləyiş əldə etməyə imkan verməyib. Ankara iddia edir ki, İraq və Suriya ilə müqayisədə torpaqları daha məhsuldar olduğundan su resurslarına da daha çox haqqı çatır. Suriya və İraqın hazırkı durumunu da nəzərə alan ekspert bu baxımdan, Yaxın Şərqdə yeni münaqişə ocağının qığılcımları barədə xəbərdarlıq edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: YaxınŞərq   Suriya   İraq  



Xəbər lenti