Şimali Koreya gizli nüvə raketləri hazırlayır

Şimali Koreya gizli nüvə raketləri hazırlayır
  31 İyul 2018    Oxunub:3413
Nüvəsizləşməyə dair əldə olunan razılaşmalara baxmayaraq, Şimali Koreya gizli şəkildə yeni ballistik nüvə raketləri hazırlayır.
AzVision.az xəbər verir ki, bu barədə adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri “Washington Post”a məlumat veriblər.

Onların sözlərinə görə, Şimali Koreya ərazisini monitorinq edən ABŞ-ın casus peykləri Pxenyanın ballistik reket hazırlanması istiqamətində fəaliyyətlərini davam etdirdiyini üzə çıxarıb. Əldə olunan peyk görüntülərindən Şimali Koreyanın paytaxtı Pxenyan yaxınlığındakı Sanumdonq müəssisəsində maye yanacaqlı bir, yaxud iki ədəd qitələrarası ballistik raketin hazırlandığı müəyyənləşdirilib.

Qeyd olunub ki, həmin ərazidə əvvəllər Şimali Koreyanın ABŞ ərazisinədək gedib çatmaq imkanına malik ilk raketi “Hwasong-15” hazırlanıb.

Xatırladaq ki, iyunun 12-də Sinqapurdakı sammitdə ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In tərəfindən imzalanan birgə bəyannaməyə əsasən, Pxenyanın Koreya yarımadasının tam nüvəsizləşməsi məsələsinə sadiq olmaq, ABŞ isə əvəzində Şimali Koreyanın təhlükəsizliyinə zəmanət verməklə bağlı öhdəlik götürüb. Lakin həmin sənəddə Şimali Koreyanın qitələrarası ballistik raketlərinin məhv edilməsilə bağlı ABŞ-ın tələblərinə və birgə fəaliyyət planı barədə bir cümlə belə qeyd edilməyib.

Bundan əvvəl "Reuters" agentliyi bildirmişdi ki, Tramp ABŞ dövlət katibi Mayk Pompeonun qarşısında Pxenyandan nüvə tərksilahına dair konkret planın işlənib hazırlanmasına və Vaşinqtona təqdim edilməsinə dair mühüm vəzifə qoyub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya   nüvə   ballistikraket  





Xəbər lenti