Həmsədrlər nazirlərin növbəti görüşünü təklif ediblər

Həmsədrlər nazirlərin növbəti görüşünü təklif ediblər
  31 İyul 2018    Oxunub:3735
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı istiqamətində danışıqlar prosesinin davam etdirilməsi üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsini təklif ediblər.
AzVision.az bildirir ki, bu gün keçirdiyi brifinqdə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan belə deyib. Onun sözlərinə görə, vasitəçilərin görüşlə bağlı təklifi olsa da, tərəflər arasında bununla bağlı hələ ki konkret yekun razılıq yoxdur.

Azərbaycan prezidenti İlham Əlyevlə Ermənistan baş naziri Nikol Paşinyanın mümkün görüşü barədə jurnalistlərin sualını cavablandıran Balayan qeyd edib ki, görüşün özü məqsəd kimi qəbul edilməməlidir. Əgər Azərbaycan və Ermənistan rəhbərləri arasında görüş keçiriləcəksə, bu, məqsədəuyğun olmalıdır.

Balayan onu da əlavə edib ki, Vyana, Sankt-Peterburq və Cenevrə sammitlərində əldə olunan razılaşmaların yerinə yetirilməsi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləməyə imkan verəcək.

Xatırladaq ki, Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan arasındakı ilk görüş iyulun 11-də Brüsseldə baş tutub. 4 saata yaxın davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mövcud danışıqlar formatının davam etdirilməsinə dair razılıq əldə olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Minskqrupu  





Xəbər lenti