Paşinyan 5 prezidentdən icazə almalıdır

Paşinyan 5 prezidentdən icazə almalıdır
  31 İyul 2018    Oxunub:5181
Ermənistanın konstitusiya quruluşunun devrilməsində təqsirli bilinərək həbs edilən, lakin sonradan 5 milyon dram (11 min ABŞ dolları) ödəyərək zaminə buraxılan sabiq baş qərargah rəisi, hazırda isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun tutduğu vəzifədən geri çağırılması üçün rəsmi İrəvan KTMT-yə üzv olan digər 5 ölkənin (Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan) prezidentinin icazəsini almalıdır.
AzVision.az xəbər verir ki, bu barədə KTMT baş katibinin müavini Valeriy Semerikov “RİA Novosti”yə açıqlamasında deyib.

“KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun tutduğu vəzifədən geri çağırılması ilə bağlı Ermənistanın rəsmi müraciət göndərib-göndərmədiyi barədə KTMT rəhbərliyində heç bir məlumat yoxdur. Əgər Ermənistan tərəfindən belə bir müraciət olarsa, onda bu proses KTMT-nin bütün üzv dövlətləri ilə razılaşdırılmalıdır. Yalnız bundan sonra təşkilatın Kollektiv Təhlükəsizlik Şurası qərar qəbul edəcək”, – deyə Semerikov bildirib.

O, həmçinin vurğulayıb ki, prosesin nə qədər davam edəcəyi KTMT ölkələrinin razılaşdırmanı necə aparacağından asılı olacaq.

Bundan əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bəyan etmişdi ki, Yuri Xaçaturova qarşı başlanmış cinayət işi daxili hüquqi prosesdir. Bununla belə, Xaçaturov KTMT-nin baş katibi olduğuna görə onun əvəzlənməsi məsələsinə dair rəsmi İrəvanın KTMT üzrə tərəfdaşları ilə intensiv məsləhətləşmələr apardığını bildirmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər:





Xəbər lenti