Suriya münaqişəsinə dair ilk razılaşma əldə olundu

Suriya münaqişəsinə dair ilk razılaşma əldə olundu
  31 İyul 2018    Oxunub:3498
Suriya münaqişəsinin tərəfləri ilk dəfə olaraq döyüşlərdə həlak olanların cəsədləri və əsir götürülənlərin mübadiləsinə dair razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bu barədə Suriya böhranının nizamlanmasına dair Astana formatı çərçivəsində iki gündür davam Soçi görüşlərinin yekun bəyannaməsində deyilir.

Qeyd olunur ki, Suriyada münaqişə tərəfləri ölənlərin cəsədlərinin və əsirlərin mübadiləsi üçün pilot layihənin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

Sənəddə həmçinin, Suriyada atəşkəsə qarant ölkələr – Rusiya, Türkiyə və İran BMT və digər beynəlxalq təşkilatları Suriyaya humanitar yardımı artırmağa, ərazilərin minalardan təmizlənməsinə, iqtisadi və sosial infrastrukturun bərpasına, qaçqınların öz daimi yaşayış yerlərinə təhlükəsiz şəraitdə qayıtmalarına kömək etməyə çağırıblar. Bəyannamədə Suriyanın yeni konstitusiyasının hazırlanması ilə məşğul olacaq Komissiyanın formalaşdırılması üçün BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturaya hərtərəfli dəstək göstəriləcəyi də vurğulanıb.

Xatırladaq ki, dünən və bu gün Soçidə Suriya böhranının nizamlanması üzrə Astana formatı çərçivəsində danışıqların 10-cu raundu keçirilib. Görüşlərdə Suriyada atəşkəsə qarant ölkələr – Rusiya, Türkiyə və İran nümayəndə heyətləri, Suriya hökuməti və müxalifətinin nümayəndələri, həmçinin BMT nümayəndələri iştirak ediblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Astana   Soçi  





Xəbər lenti